Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Azərbaycan milli komandasının futbolçuları Rəşad Sadıqov, Rüfət Dadaşov və Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransında iştirak edib.
Trend-in məlumatına görə, yığmamızın kapitanı R.Sadıqov bildirib ki, onları vacib oyun gözləyir: "Seçmə mərhələni də qələbə ilə başa vurmaq istəyirik. Bütün diqqətimizi qarşılaşmaya kökləmişik. Rusiyalı futbolçuların oyundan öncə verdiyi açıqlamalar bizi qıcıqlandırdı. Onlar peşəkar futbolçulara yaraşmayan açıqlamalar verir. Məğlub ola bilərik. Amma belə açıqlamalar vermək olmaz".
R.Abışov deyib: "Ötən oyun çox gözəl qələbə qazandıq. Rusiya yığması ilə oyun ərəfəsində yüksək əhval-ruhiyyədəyik. İstirahət etmişik və oyuna hazırıq. Qurban bayramında azarkeşlərimizə hədiyyə etmək istəyirik. Rusiya futbolunun səviyyəsi çox yüksəkdir. Atletik futbol oynayırlar. Onlara qarşıa mübariz aparmaq bizim üçün asan olmayacaq".
Yığmamızın digər üzvü R.Dadaşov isə çətin oyun olacağını qeyd edib: "Çalışacağıq ki, məğlub olmayaq. Ola bilər ki, bu oyundan sonra Rusiyanın ortabab klublarının maraq dairəsinə düşüm. Ancaq buna fikir vermirəm. Bütün diqqətimi öz oyunuma yönəldəcəyəm ki, komandamız qələbə qazansın".