...

"Tour d’Azerbaidjan-2014" veloyürüşünün ilk mərhələsi başa çatıb (FOTO)

İdman Materials 7 May 2014 18:44 (UTC +04:00)
Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünə start verilib.
"Tour d’Azerbaidjan-2014" veloyürüşünün ilk mərhələsi başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Bu gün "Tour d'Azerbaidjan-2014" veloyürüşünə start verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 25 komandanın qatıldığı və 5 mərhələdən ibarət yarışın 154 km-dən ibarət ilk mərhələsi başa çatıb.

Dövlət Bayrağı Meydanının dəstəyi ilə buradan start götürüb Sumqayıtda başa çatan yürüşün qalibi İtaliyanın "Androni Giocattoli" klubunun üzvü, hollandiyalı Kenni van Hummel olub - 3 saat, 46 dəqiqə, 38 saniyə. O, növbəti mərhələdə liderin daşıdığı göy köynəklə çıxış edəcək. Ən yaxşı sprinterə verilən yaşıl köynək də ona qismət olub.

Ukraynanın "Kolss Cyclind Team" komandasının velosipedçisi Vitali Buts 2-ci olub. Bu idmançı ən yaxşı dağ velosipedçisi kimi qırmızı köynəyə də sahib çıxıb. İspaniyanın "Caja Rural Seguros" komandasında çıxış edən italiyalı David Viqano isə 3-cü olub.

"Synergy Baku" komandasında ən yaxşı göstəriciyə Maksim Averin imza atıb - o, finiş xəttəni liderlə eyni vaxtda keçsə də, 4-cü olub.

Ən yaxşı gənc velosipedçi isə Aleks Frey olub. İsveçin "Development Team Giant- Shimano" komandasının üzvü ağ-bənövşəyi köynəyə sahib çıxıb.

Veloyürüşün 1-ci mərhələsinin qalibi Kenni van Hummel deyib: "Azərbaycana gəlməzdən əvvəl məni ölkənizin necə olması düşündürürdü. Gəlib hər şeyin əla olduğuna şahid oldum".

O, yürüşdən sonra keçirilən mətbuat konfransında qələbəsini şərh edib: "Yollarınız çox gözəldir. Fikrimcə, bu gedişlə yarış yalnız inkişaf edə bilər. Startdan əvvəl küləkdən ehtiyat edirdim. Çünki güclü külək əsirdi. Lakin 5 km qət edəndən sonra bir az rahatlaşdım. Finişə 500 metr qalmış məni irəli gətirdilər. 300 metr qalmış isə özüm irəli sıçradım. Hələlik özümü yarışın deyil, mərhələnin qalibi görürəm. Sabah da eyni uğuru qazanmağa çalışacağam".

Mətbuat konfransında iştirak edən "Tour d'Azerbaidjan-2014" veloyürüşünün fəxri qonağı, 2008-ci il "Tour de France"ın qalibi, ispaniyalı Karlos Sastre isə 1-ci mərhələ ilə bağlı fikirlərini bildirib: "Bu yarışın böyük potensialı var. Bütün dünya Azərbaycan turunu izləyir. Hər şey çox yüksək səviyyədədir. Velosipedçilər küləyə əks istiqamətdə irəliləməli idilər. Yürüşün 1-ci qrupu ilə ikincilər arasında təxminən 10 dəqiqə fərq var idi. Burada əla şərait var. İdmançılar və qonaqlar üçün yaradılan imkanlar gözəl təəssürat yaradır".

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib: "Bugünkü mərhələnin fərqlənənləri çox çətin şəraitdə mübarizə aparıb qalib oldular. Azərbaycanda 11 iqlim qurşağından 9-u var, bu gün bunlardan birini qonaqlara göstərdik".

O, "Tour d'Azerbaidjan" veloyürüşünün bu gün keçirilən I mərhələsindən sonra baş tutan mətbuat konfransında yarış haqqında danışıb: "İdmançılar səhra və yarımsəhra ilə tanış oldular. Sabah isə İsveçrə və Avstriya iqlimlərini görəcəksiniz. Növbəti mərhələlərdə başqa bir gözəlliyin şahidi olacaqsınız. "Synergy Baku"nun üzvü Maksim Averinin göstəricisi yaxşıdır. Komandamız liderlər qrupuna düşə bildi. Düşünürəm ki, növbəti mərhələlərdə velosipedçilərimiz özlərini daha yaxşı göstərəcəklər. Sumqayıtda da hər şey əla idi və buna görə də şəhər rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Gələcəkdə də belə və hətta daha yaxşı olacaq".

Qeyd edək ki, veloyürüşün ikinci mərhələsi sabah Bakıdan başlayıb, İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti