...

"AZAL" klubu yeni transfer etdiyi kolumbiyalı futbolçuda hepatit C virusunun aşkar edilməsi məsələsinə aydınlıq gətirdi

İdman Materials 25 Avqust 2014 11:56 (UTC +04:00)
"AZAL" Peşəkar Futbol Klubu yeni müqavilə bağladığı kolumbiyalı futbolçu Con Kordovada hepatit C virusunun aşkar edilməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib.
"AZAL" klubu yeni transfer etdiyi kolumbiyalı futbolçuda hepatit C virusunun aşkar edilməsi məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"AZAL" Peşəkar Futbol Klubu yeni müqavilə bağladığı kolumbiyalı futbolçu Con Kordovada hepatit C virusunun aşkar edilməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib.

Klubun mətbuat katibi Eldəniz Yusifov Trend-ə açıqlamasında bu barədə yayılan məlumatların əsassız olduğunu bildirib.

O, qeyd edib ki, "AZAL" klubu iyulun 16-dan 28-dək Türkiyədə təlim-məşq toplanışı keçirib: "Həmin toplanışa bir çox futbolçular, o cümlədən kolumbiyalı futbolçu Con Kordova dəvət olunmuşdu. İki oyunda baxışdan keçirildikdən sonra məşqçilər korpusu bu futbolçunu bəyəndi və müqavilə bağlamaq üçün rəhbərliyə öz rəylərini bildirdilər. Biz onların rəyi əsasında bu futbolçu ilə ilkin razılığa gəldik. Həmin vaxt ölkədən kənarda olduğumuz üçün müqavilə bağlaya bilmədik. Bakıya gələndən sonra isə, həmişə olduğu kimi, tələblərə uyğun olaraq, həmin futbolçunu tibbi müayinəyə göndərdik".

E.Yusifov deyib ki, iyulun 30-da həmin futbolçu Mərkəzi Gömrük Hospitalında və Respublika Diaqnostika Mərkəzində dərinləşdirilmiş tibbi müayinədən keçib: "Respublika Diaqnostika Mərkəzinin verdiyi rəyə əsasən, Con Kordovada hepatit C ilə bağlı ilkin olaraq şübhəli nəticələr çıxdı və bunun tam sübut olunması üçün biz onu yenidən xüsusi analiz metodu ilə tibbi müayinədən keçirdik. Təqribən bir həftədən sonra biz ikinci cavabı aldıq və cavabdan bəlli oldu ki, Con Kordovada hepatit C virusu aşkarlanmayıb və onun səhhətində idmanla məşğul olmağa maneçilik törədən heç bir əsas yoxdur".

Mətbuat katibi qeyd edib ki, həmin tibbi rəylər əsasında C.Kordova ilə müqavilə rəsimləşdirilib.

E.Yusifov vurğulayıb ki, 2005-ci ildən etibarən "AZAL" klubu güclülər dəstəsində oynayır: "Biz öz işimizi peşəkar şəkildə qurmuşuq və futbolçuları bütün peşəkar qaydalara əməl edərək transfer etmişik. "AZAL" klubu heç bir başqa məqsəd güdmədən, həmişə peşəkar qaydalar əsasında futbolçularla müqavilə bağlayıb, bütün prosedur qaydalara əməl edib və futbolçuların sağlamlığına xüsusi diqqət yetirib".

O, jurnalistləri bu cür məsələlərdə dəqiqliyə əməl etməyə çağırıb: "Özləri qeyri-peşəkar olan jurnalistlər peşəkar adım atan klubları ittiham etməsinlər. Biz bunu "AZAL" Peşəkar Futbol Klubuna qarşı ədalətsiz və qeyri-obyektiv mövqe kimi qiymətləndiririk. Kim bu məsələni araşdırmaq istəyirsə, biz hazırıq. Bütün tibbi sənədlər əlimizdədir və futbolçu özü də fikrini bildirə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti