Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Yunanıstan hökuməti ölkə çempionatının altıncı turunun oyunlarını qarşıdurma zamanı həlak olan azarkeşin xatirəsinə təxirə salmaq qərarına gəlib. Görüşlər istirahət günü keçirilməli idi. Trend-in məlumatına görə, bu barədə "Reuters" xəbər verir.
Sentyabrın 15-də "İrodos" və "Etinikos" klublarının fanatları arasında baş verən toqquşmada qonaq komandanın azarkeşi, 46 yaşlı Kostas Katsoulis kəllə-beyin travması alaraq komaya düşüb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Kostas sentyabrın 29-da vəfat edib.
Hökumətin qərarı digər futbol divizionlarının matçlarına, eləcə də oktyabrın 3-5 tarixlərinə təyin edilmiş basketbol üzrə Yunanıstan Kubokunun və həndbol üzrə ölkə çempionatının oyunlarına da şamil edilir.
Oyunların yeni tarixi hələlik müəyyən edilməyib.