Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Azərbaycanda voleybol istər Sovet dövründə, istərsə də Azərbaycan müstəqillik əldə etdikdən sonra həmişə ən populyar, böyük rəğbət bəslənilən idman növlərindən biri olub. Bu sırada qadın voleybolunun xüsusi çəkisi var və ölkəmizdə çox böyük inkişaf yolu keçmişdir. Ona görə də təsadüfi deyil ki, müstəqillik illərində qadın voleybolçularımız ölkəmizi dünyada yetərincə tanıdıb və tanıtmaqda davam edir. Bu baxımdan Azərbaycanın qadın voleybolunun ölkə idmanının "qızıl fondlarından" biri olduğunu desək, yanılmarıq. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərində də görmək olar: "Mən çox şadam ki, bizim yerli - Azərbaycan voleybolçuları da yetişir və milli komandamızda təmsil olunurlar. Milli komandamız da, klublarımız da ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Deyə bilərəm ki, bizim daxili çempionatımız Avropada bəlkə ən güclü çempionatlardan biridir. Bir neçə komandamız yüksək zirvələrə çatmışdır və ən önəmlisi, milli yığmamız da çox gözəl oyun nümayiş etdirir. Oyun idman növləri arasında voleybol bizdə ön plandadır, birinci yerdədir. Hesab edirəm ki, digər oyun növlərinin də bu səviyyəyə çatması üçün fəal iş görülməlidir".
Bu istiqamətdə "Azəryol" voleybol klubunun öz əməyi var.
Tarixə baxış
"Azəryol" voleybol klubu - "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə yaratdığı klubdur. Paytaxt Bakı şəhərini təmsil edir.
"Azəryol Bakı" 2011-ci ildə "Azəryolservis" adı ilə yaradılıb. Voleybol üzrə Azərbaycan superliqasında ilk dəfə 2011/2012 mövsümündə iştirak edib (bəzi mənbələrdə 2010-cu ildə yaradılmış Şirvan klubunun bərpa edilmiş komandası kimi göstərilir) və altıncı yeri tutaraq Avropa arenasına çıxmaq şansını itirib. 2012-ci ildə "Bakı" voleybol klubu ilə birləşərək "Azəryol-Bakı" adını alıb. "Azərreyl Bakı" klubu ilə razılaşmaya əsasən, bu klubun 2-ci komandası kimi fəaliyyət göstərməyə başlayıb. 2013/2014 mövsümündən etibarən isə "Azəryol" əsas komanda, "Azərreyl" isə əlavə komanda kimi tanınmağa başlayıb. Çünki "Azərreyl"in bütün əsas voleybolçuları "Azəryol"a transfer olundu, "Azərreyl"in 2012/2013 mövsümündə əldə etdiyi voleybol üzrə Çempionlar Liqasına vəsiqə "Azəryol"a verildi və klub Azərbaycanı Çempionlar Liqasında təmsil edən 4-cü klub kimi tarixə düşdü.
Bir neçə il öncə Azərbaycan Voleybol Federasiyasının "Azəryol" voleybol klubunun yeni inzibati binasının, voleybol meydançasının və "Azəryol" otelinin açılışı bir daha sübut edir ki, voleybolun inkişafı üçün yetərli dövlət qayğısı mövcuddur.
"Azəryol" yeni uğurlar axtarışında
"Azəryol" voleybol klubunun bazasında (Voleybol Mərkəzi) sözügedən klubun 2014/2015 mövsümü üçün təqdimat mərasimi keçirilib. Mərasimdə klubun prezidenti Cavid Qurbanov, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, Milli Məclisin üzvləri, Avropa Parlamentinin, xarici səfirliklərin nümayəndələri, jurnalistlər və azarkeşlər iştirak ediblər.
Qeyd edək ki, C.Qurbanovun rəhbərlik etdiyi "Azəryol" voleybol klubu bu təqdimat mərasimi ilə Azərbaycan voleybolunda yenilik edib. Məlum olduğu kimi, artıq neçə illərdir ki, Azərbaycan çempionatında 6 klub mübarizə aparır. Amma yeni mövsüm üçün klubun media nümayəndələrinə və azarkeşlərə bu cür möhtəşəm təqdimetmə mərasimi ilk dəfədir həyata keçirilib.
Mərasimdə ilk olaraq Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışı olan Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Azəryol" klubunun yeni himni və yeni loqosu təqdim edilib.
Azərbaycan voleybol klubları arasında ilk dəfə olaraq "Azəryol" öz talesmanı "Yola"nı qonaqlara nümayiş etdirib. Daha sonra "Şaolin" idmançıları, gənc gimnastlar və müğənnilər öz çıxışları ilə qonaqları salamlayıb. Açılış mərasiminin sonunda yeni mövsümdə "Azəryol"un şərəfini qoruyacaq oyunçuların təqdimatı keçirilib.
Təqdimatdan sonra Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev çıxış edib. O, belə möhtəşəm tədbirin təşkil olunmasına görə "Azəryol" klubunun prezidenti C.Qurbanova təşəkkür edib. F.Qarayev Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədovun və öz adından "Azəryol"a yeni mövsümdə uğurlar arzulayıb.
Daha sonra klubun prezidenti C.Qurbanov mərasimə təşrif buyuran qonaqları salamlayıb. O, ölkəmizdə idmana və idmançılara Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıb: "Məhz bu diqqətin nəticəsidir ki, bu gün biz müstəqil Azərbaycanımızda belə gözəl tədbirlər keçiririk".
Daha sonra paytaxtımızda qonaq olan Rusiya Federasiyasının ən güclü klublarından "Dinamo Krasnodar" komandası ilə yoldaşlıq görüşü keçirilib. 2:2 hesabı ilə sona çatan görüşdə hər iki komanda gözəl oyun nümayiş etdirib.
"Azərbaycan adıyla sən həmişə qalib ol"
Artıq neçə illərdir Azərbaycan milli komandasının kapitanı oyun qurucusu olan, "Azəryol" klubunun kapitanı, 4 nömrəli Oksana Kurt.
Azərbaycan milli komandasının şərəfini qoruyan, "Azəryol"un 2 nömrəli blok qurucusu Kseniya Poznyak (Avropa və dünya çempionatlarının iştirakçısı).
Kanada milli komandasının ən ucaboylu voleybolçularından olan, "Azəryol"da 11 nömrəli oyunçu Tabitha Love.
Brazilya millisinin blok qurucusu, Cənubi Amerika, Dünya Qran-Prisinin çempionu, "Azəryol"da 9 nömrəli oyunçu Picussa Andressa.
Azərbaycan milli komandasında dünya və Avropa çempionatında iştirak etmiş, iki ildir ardıcıl olaraq "Azəryol" klubunun şərəfini qoruyan, 5 nömrəli Odina Bayramova.
Serbiya millisinin əsas oyunçularından, Avropa çempionatı, Avropa Liqasının qızıl medal medalçısı, klublararası dünya çempionu, Çempionlar Liqasının qızıl medalçısı, "Azəryol"da 6 nömrəli oyunçu Brakocevic Jovana.
Bolqarıstan milli komandasının ən aparıcı oyunçusu, dünya və Avropa çempionatının iştirakçısı, blok qurucu, "Azəryol"da 17 nömrəli oynuçu Filipova Straşimira.
Serbiya milli komandasının ən təcrübəli hücumçusu, dünya və Avropa çempionatının iştirakçısı, Çempionlar Liqasının qalibi, "Azəryol"da 12 nömrəli oyunçu Nikolic Jelena.
Azərbaycan milli komandasının tərkibində Avropa və dünya çempionatının iştirakçısı, "Azəryol"da 3 nömrəli oyunçu Anastasiya Qurbanova.
Bolqarıstan milli komandasının şərəfini qoruyan, Avropa, dünya çempionatının və Avropa Liqasının iştirakçısı, "Azəryol"da 7 nömrəli oyun qurucu Kitipova Lora.
Azərbaycan millisinin şərəfini qoruyan, komandanın ən alçaqboylu və ən gənc liberosu, 16 nömrəli Ceyran Əliyeva.
Almaniya millisinin şərəfini qoruyan, "Azəryol"da 1 nömrəli oyunçu, libero Lenka Durr (Dünya və Avropa çempionatının qalibi).
Baş məşqçi: Aleksandr Çervyakov.
Köməkçi məşqçilər: Famil Ağayev və amerikalı Estes Jeremih.
Fizioterapevt: Natalya Litovçinko
Həkim: Aynurə Qafarova.
Statist: Okat Kurt.
Fiziki məşqçi: Xorvatiyalı Popek Sinisa.
Menecer : Yelena Şabovta.
"Azəryol" voleybol klubunun himni
Uzağı yaxın edər
Rəvandır yollarımız.
Sahillər birləşdirən
Körpülər qollarımız.
Qələbəyə aparar
Vətən övladlarımız.
Şan-şöhrətli ölkəmə
Bəlli uğurlarımız,
Birinci ol, qalib ol
Azəryol-Azəryol!
Bayrağını sancdığın
Bu zirvələr sənindir.
Qazandığın qələbə,
Hər uğur vətənindir
Yurdumun torpağında
Kök atıb bitənindir.
Azərbaycan adıyla
Sən həmişə qalib ol-
Azəryol... Azəryol!