...

Yığma komandalarımız güləş üzrə U-23 Avropa çempionatında tam heyətlə iştirak edəcək

İdman Materials 19 Mart 2015 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

24-29 mart 2015-ci il tarixdə Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək. Məlumat üçün bildirək ki, ilk dəfə keçiriləcək U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq.

Çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Polşaya Mircəlal Həsənzadə (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Murad Süleymanov (70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Əli Maqomedabirov (125 kq) yollanacaq.

Martın 26-27-də çempionatda qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 7 güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Patimat Baqomedova (48 kq), Solmaz Həşimzadə (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq), Elis Monolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcək.

Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Eldəniz Əzizli (59 kq), Rövşən Tağıyev (66 kq), Ceyhun Əliyev (71 kq), Fuad Əliyev (75 kq), Tural Daşdəmirov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nərəziani (130 kq) yollanacaq.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti