...

"Kəpəz"in ev oyunlarını izləyənlər bilet almalı olacaqlar

İdman Materials 3 Oktyabr 2015 19:09 (UTC +04:00)
Bir bilet alan şəxs özü ilə birgə bir nəfəri də arenaya keçirə bilər.
"Kəpəz"in ev oyunlarını izləyənlər bilet almalı olacaqlar

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

"Kəpəz" futbol klubu Gəncə şəhər stadionunda keçirəcəyi ev oyunları üçün bilet satışa çıxarıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu vaxta kimi sevimli komandalarını izləmək üçün arenaya pulsuz daxil olan azarkeşlər artıq əllərini ciblərinə salmalı olacaq.

Gəncə klubunun oyunlarına bilet satışı Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 4-də keçiriləcək "Kəpəz" - "Sumqayıt" oyunundan başlayaraq tətbiq ediləcək. Stadiona girişin qiyməti bir manatdır. Bir bilet alan şəxs özü ilə birgə bir nəfəri də arenaya keçirə bilər.

"Kəpəz" PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu deyib ki, Premyer Liqanın əsasnaməsinə uyğun olaraq klublarda oyunlara bilet satışı nəzərdə tutulub: "Biz də buna görə ilk oyundan bilet satışını nəzərdə tutmuşduq. Amma uzun illər Gəncə azarkeşlərinin Premyer Liqanın oyunlarından kənarda qaldığını nəzərə alaraq bir neçə oyun bilet satmadıq. İndi isə "Kəpəz" - "Sumqayıt" oyunundan başlayaraq bilet satışına təkan verildi. Digər oyunlarda da bunu həyata keçirəcəyik".

Stadiona giriş yalnız biletlə deyil, həm də dəvətnamələrlə mümkündür. Fanklub və Futbol Veteranları Klubunun üzvlərinə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şöbəsinə, uşaq evlərinə və digər imtiyazlı qurumlara dəvətnamələr verilib.

M.Nərimanoğlu bildirib ki, bilet satışında müəyyən güzəştlər və layihələr tətbiq edilib: "Qadınların stadiona girişi pulsuzdur. O cümlədən uşaq evləri, internatlar və idman məktəbləri, futbol veteranları və digər imtiyazlı kateqoriyadan olan insanların stadiona daxil olması pulsuzdur. Eyni zamanda fanklub üzvləri üçün də dəvətnamələr ayrılıb, onlar da arenaya pulsuz girəcəklər".

Qeyd edək ki, Gəncə şəhər stadionunda sonuncu dəfə bilet satışı 3 il öncə "Kəpəz" elitada çıxış edəndə həyata keçirilib. Komanda birinci diviziona düşdükdən sonra arenaya giriş pulsuz olub.

Xəbər lenti

Xəbər lenti