Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Olimpiya Hərəkatı" məktəblilərin kütləvi idman proqramı çərçivəsində velosiped idman növü üzrə rayon birinciliklərinə yekun vurulub.
Rayon birincilikləri Bakı şəhərinin 290-dan çox orta ümumtəhsil məktəblərində təhsil alan şagirdləri velosiped idman növünə cəlb edib. Bu mərhələdə milli idman federasiyalarının dəstəyi ilə 4 idman növü üzrə (basketbol 3x3, badminton, yüngül atletika və veloidman) keçirilmiş şən, inklüziv və təhlükəsiz idman yarışlarında 30%-i qızların təşkil etdiyi 10 minə yaxın məktəbli iştirak edib. Məktəblilərin Bakı birinciliyi Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə beynəlxalq idman federasiyalarının təsdiq etdiyi qaydalar və "Olimpiya sistemi" əsasında keçirilir.
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda "Olimpiya Hərəkatı" proqramı çərçivəsində velosiped idman üzrə Bakı şəhər birinciliyinin finalına vəsiqə qazanmış komandalar üçün təlim-məşq təşkil olunub.
Təlim-məşq zamanı Bakı şəhərinin 12 rayon komandasının 60 nəfərdən ibarət idmançı və müəllim heyəti iştirak edib. Tədbirin əsas məqsədi məktəblilərin Bakı şəhər birinciliyinin velosiped idman növü üzrə final mərhələsinə vəsiqə qazanmış gənc idmançılara finalda daha yaxşı nəticə göstərməyə köməklik etmək idi. Təlim-məşq Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Təhsil İdman Mərkəzi və proqramın ulduz idmançısı Aqşin İsmayılovun iştirakı və birbaşa dəstəyi ilə həyat keçirilib.
Tədbirin ümumi təlimatlandırıcı hissəsindən sonra komandalar qruplara ayrılıb. Aqşin İsmayılov və Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar məşqçiləri məkətbəlilərə velosipedin start zamanı yerindən düzgün götürülməsi, hərəkət zamanı sürətin tənzimlənməsi, döngələrdə hərəkətin təhlükəsizliyi və bu kimi mövzularda faydalı məlumatlar veriblər. Nəzəri sessiyanın ardınca federasiyadan dəvət olunmuş peşəkar idmançılar bütün hərəkətləri əyani olaraq nümayiş etdiriblər. Daha sonra komandalar onlar üçün ayırılmış məşqçilərin nəzarəti və təlimatı ilə bu hərəkətləri təkrar edib. Fasilə zamanı milli komandanın üzvləri və Aqşin İsmayılovun iştirakı ilə məktəblilər üçün master-klass təşkil olunub.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev təlim-məşq haqqında qeyd edib: "Velosiped idman növünün "Olimpiya Hərəkatı" proqramına salınması bizim hədsiz sevincimizə səbəb oldu. Çünki belə bir təşəbbüs federasiyanın gördüyü işlərə böyük təkandır. Son illərdə Azərbaycanda velosiped idmanı üzrə nüfuzlu yarışların təşkili bu idman növünə marağı daha da artırıb və düşünürəm ki, birgə səylərimiz Azərbaycanda velosiped idman növünün daha da inkişaf etməsinə şərait yaradacaq".
Proqramın ulduz idmançısı Aqşin İsmayilov proqramın gənclər arasında maraq oyatdığını bildirib: "Velosiped sürməyə həvəskar kimi başlayan uşaqlar üçün bu proqram olduqca əhəmiyyətlidir. Çünki məktəb yarışlarından sonra kifayət qədər məktəbli bu idman növü ilə peşəkar səviyyədə məşğul olmağa başlayıb. Kütləviliyin təmin olunması isə gələcək uğurlarımızın bünövrəsidir. İnanıram ki, "Olimpiya Hərəkatı"nda mübarizə aparan məktəblilərin içərisindən xeyli sayda peşəkar idmançı çıxacaq".
Qeyd edək ki, 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan "Olimpiya Hərəkatı" proqramı Bakı rayon yarışları ilə davam edib və cari ilin əvvəlində "Bakı 2015" Avropa Oyunlarının yarış obyektlərindən birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.
Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı "Coca Cola" şirkəti haqqında:
"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com