...

Gənc hakimlər: Bakıda idman gimnastikası üzrə Dünya Kuboku ədalətli mübarizə şəraitində keçəcək (FOTO)

İdman Materials 16 Mart 2017 12:21 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ədalətli mübarizə şəraitində keçməsi üçün hamı əlindən gələni edəcək.
Gənc hakimlər: Bakıda idman gimnastikası üzrə Dünya Kuboku ədalətli mübarizə şəraitində keçəcək (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ədalətli mübarizə şəraitində keçməsi üçün hamı əlindən gələni edəcək.

Bunu Trend-ə yeni beynəlxalq dərəcəli Azərbaycan hakimləri deyiblər.

Üçüncü dərəcəli hakim Əhməd Ağayev deyib: "Hakim işində ən əsası ədalətli olmaqdır".

Dördüncü dərəcəli hakim Uğur Xəlilbəylinin sözlərinə görə, idmançılar da, hakimlər də öz işlərində böyük məsuliyyət daşıyırlar: "İdmançının üzərinə böyük məsuliyyət düşür, çünki öz ölkəsini təmsil edir. Hakimlər isə obyektiv qiymətlər verməlidirlər ki, yarışların yüksək səviyyədə keçməsini təmin etsinlər".

Üçüncü dərəcəli hakim Xəlil Hüseynov qeyd edib ki, bu gün hakimlərin öz işlərini təmiz, obyektiv, doğru yerinə yetirəcəkləri çox gözəl yarışlar gözlənilir.

Dördüncü dərəcəli hakim Şakir Şıxəliyev isə bildirib: "Biz Azərbaycan Federasiya Gimnastikasına Bakıda Beynəlxalq Hakimlik Kurslarını keçirdiyi üçün və yaratdığı gözəl şəraitə görə minnətdarıq".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti