...

Velosiped komandamızdan Mərakeşdə "üçqat zərbə"

İdman Materials 11 Aprel 2017 11:15 (UTC +04:00)
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışında uğurlu çıxışını davam etdirir.
Velosiped komandamızdan Mərakeşdə "üçqat zərbə"

Bakı. Trend:

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışında uğurlu çıxışını davam etdirir.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 4-cü mərhələsi təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb.

Kifayət qədər çətin dağ yolları ilə yadda qalan 191 km-lik marşrutu yığma komandamızın üzvü Kiril Pozdnyakov 5 saat, 28 dəqiqə, 15 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 13 saniyə qabaqlayıb və 1-ci mərhələdə olduğu kimi, yenidən "solo-finiş" edib. Bundan başqa, velosipedçimiz sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib və 5-ci mərhələyə lider köynəyi ilə başlayacaq.

"Synergy Baku"nun digər üzvü Yosip Rumaç dağlıq yollarda topladığı xallar hesabına ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyinə yiyələnib. Bütün bunlar komanda üzvlərimizin 4-cü mərhələnin yekununda 3 dəfə fəxri kürsüyə qalxması ilə nəticələnib.

Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 155 km məsafə qət edəcəklər. Qeyd edək ki, Mərakeş Turu komandamız üçün mayın 3-7-də keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığın əsas hissəsini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti