...

AzVİF Avropa çempionatında təqdimat keçirib (FOTO)

İdman Materials 18 İyul 2017 17:41 (UTC +04:00)
Fransanın Bordo şəhərində velosiped idmanının BMX növü üzrə Avropa çempionatına yekun vurulub.
AzVİF Avropa çempionatında təqdimat keçirib (FOTO)

Bakı. Trend:

Fransanın Bordo şəhərində velosiped idmanının BMX növü üzrə Avropa çempionatına yekun vurulub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, yarışda Avropa Velosipedçilər Birliyinin rəsmi nümayəndəsi kimi Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, qurumun Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov iştirak edib.

26 ölkədən müxtəlif yaş qrupları üzrə 1750 idmançının iştirak etdiyi Avropa çempionatından əvvəl komanda rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Tədbirdə çıxış edən S.Ələkbərov iştirakçı ölkələrin təmsilçilərini Birliyin Rəhbər Komitəsi adından salamlayaraq populyarlığı gündən-günə artan bu yarışların xüsusi önəm daşıdığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Sonra çempionatın təşkili və BMX idmanının gələcək inkişaf perspektivləri ilə bağlı məsələlər geniş müzakirə edilib. Müzakirələrdən sonra 2-12 avqust, 2018-ci il tarixlərində Böyük Britaniyanın Qlazqo şəhərində keçiriləcək idmanın 6 növü (o cümlədən velosiped idmanının 4 növü) üzrə Birləşmiş Avropa Çempionatları və 2018-ci il, iyun ayının 5-9 tarixlərində Bakıda təşkil olunacaq BMX üzrə Dünya Çempionatı haqqında təqdimatlar keçirilib.

Tədbir iştirakçılarına ölkəmiz, onun mədəniyyəti, Azərbaycanda idmana dövlət qayğısı, Bakı-2015 Birinci Avropa Oyunları, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, Formula-1, “Tour d’Azerbaidjan" və digər böyük idman tədbirləri barədə məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib. Azərbaycanda keçiriləcək 2018-ci il Dünya Çempionatını səbirsizliklə gözlədiklərini deyən Avropa Milli Federasiyalarının nümayəndələri ölkəmizə səfər edəcəklərini bildiriblər.

Maraqlıdır ki, BMX üzrə Avropa çempionatının kişilər arasında Elit kateqoriyasında qalib olmuş fransalı idmançı Joris Dode və gümüş medalçı, hollandiyalı Tvan van Gendt Bakı-2015 ilk Avropa Oyunlarında da müvafiq olaraq fəxri kürsünün ilk 2 pilləsində qərarlaşmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti