Bakı. Cani Babayeva - Trend:
Mən öz nəticəmdən razıyam, lakin bundan da yaxşı çıxış edə bilərdim.
Bu barədə Trend-ə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində 2006-2007-ci il təvəllüdlü gimnastlar arasında ikinci yeri tutan gimnast, “Ocaqsport” klubunu təmsil edən Zəhra Paşayeva bildirib.
O deyib: "Bilirəm ki, bundan da yaxşı çıxış edə bilərdim. Mən səhv buraxdım, gələn dəfə bunu düzəltməyə çalışacağam. Yarış yaxşı keçdi, tamaşaçıların dəstəyi böyük idi. Bu da mənə çox kömək edir".
Z.Paşayeva həmçinin qeyd edib ki, Milli Gimnastika Arenası onun çox xoşuna gəlir:
"Bu, böyük və gözəl zaldır".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci günü start götürüb.
Bu gün 2006-2007, 2003-2005 və 2002-ci il təvəllüdlü gimnastların fərdi çıxışları baş tutacaq. Qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.
Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.
Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunacaq.