...

Azərbaycan gimnastı: Dünya Kubokunda yüksək yerlər uğrunda mübarizə aparmaq şansım var

İdman Materials 14 Mart 2019 17:18 (UTC +04:00)
Mən həmişə doğma arenada çıxış etməkdən məmnunam
Azərbaycan gimnastı: Dünya Kubokunda yüksək yerlər uğrunda mübarizə aparmaq şansım var

Bakı. Cani Babayeva - Trend:

Mən həmişə doğma arenada çıxış etməkdən məmnunam. Bunu Trend-ə Azərbaycan gimnastı Marina Nekrasova deyib.

O bildirib ki, təsnifat mərhələsində paralel qollarda hərəkətləri yıxılmadan icra edib:

“İndi digər iştirakçıların nəticələrini gözləyirəm. Fikrimcə, yüksək yerlər uğrunda mübarizə aparmaq üçün şansım var”.

M.Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb. Belə ki, təmsilçimiz dayaqla tullanma yarışlarında 13,966 xal toplayaraq təsnifat mərhələsində 7-ci olub. O, bu nəticə ilə turnirin həlledici mərhələsinə yüksəlib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti