...

"BP Azərbaycan" para-cüdo üzrə Bakı Qran-Prisinin rəsmi tərəfdaşı olacaq (FOTO)

İdman Materials 1 Aprel 2019 12:48 (UTC +04:00)
"BP Azərbaycan" şirkəti bu ilin 13-14 may tarixlərində Bakıda keçiriləcək para-cüdo idman növü üzrə Beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı olacaq.
"BP Azərbaycan" para-cüdo üzrə Bakı Qran-Prisinin rəsmi tərəfdaşı olacaq (FOTO)

Bakı. Trend:

"BP Azərbaycan" şirkəti bu ilin 13-14 may tarixlərində Bakıda keçiriləcək para-cüdo idman növü üzrə Beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı olacaq. Bu məsələ Milli Paralimpiya Komitəsində (MPK) "BP Azərbaycan" şirkətinin rəsmiləri ilə keçirilən görüşdə elan olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MPK prezidenti İlqar Rəhimov bildirib ki, ölkəmizdə idmana, xüsusilə də paralimpiya hərəkatına dövlət səviyyəsində böyük dəstək var. Prezident İlham Əliyevin paralimpiyaçılarımıza göstərdiyi qayğı qazanılan uğurlarda öz əksini tapır.

"BP Azərbaycan" şirkəti artıq uzun müddətdir ki, ölkəmizdə Paralimpiya hərəkatının əsas dəstəkçilərindən biridir. Şirkət Milli Paralimpiya Komitəsinin tədbirlərinin keçirilməsinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə, o cümlədən Göygöl rayonunda Uşaq Paralimpiya Festivalının təşkil olunmasına dəstək olub.

MPK prezidenti qeyd edib ki, BP Azərbayan şirkəti ölkəmizdə Korporativ Sosial Məsuliyyət çərçivəsində sosial layihələrə önəm verən nümunəvi bir təşkilatdır. Şirkət KSM çərçivəsində sosial məsələlərə daim diqqətlə yanaşır.

İlqar Rəhimov bildirib ki, "BP Azərbaycan" şirkəti May ayında Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı olmaqla bağlı niyyətini bəyan edib.

Daha sonra "BP Azərbaycan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edib. O, Azərbaycanda idmana xüsusi qayğı olduğunu qeyd edib. Ölkəmizin bir çox mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyini bildirib.

Bəxtiyar Aslanbəyli qeyd edib ki, BP şirkəti 2012-ci ildən etibarən beynəlxalq səviyyədə paralimpiya hərəkatına dəstək göstərir. Bakıda keçiriləcək para cüdo üzrə beynəlxalq qran-pri yarışının rəsmi tərəfdaşı olmaqdan qürur duyduqlarını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın paralimpiya çempionları İlham Zəkiyev, Oluxan Musayev və Oleq Panyutin BP şirkətinin atlet səfirləridir:

“2012-ci ildə "BP" şirkətinin dəstəyi ilə İlham Zəkiyev ilə bağlı film çəkilmişdi. Həmin filmə qısa zaman ərzində İnternet üzərində 15 milyon baxış olmuşdu. Həmin film Beynəlxalq Kann festivalında mükafata layiq görülüb. Bu gün də Londonun hava limanında Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyevin də əks olunduğu böyük plakat asılıb. Bu da bizim üçün qürur verici mənzərədir”.

Daha sonra "BP" şirkətinin paralimpiyaçılarımız üçün aldığı idman əlil arabaları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti