...

Dünya çempionatında qazanılan təcrübə gələcəkdə bizə çox kömək edəcək - Azərbaycan gimnastları

İdman Materials 11 Mart 2022 12:57 (UTC +04:00)
Dünya çempionatında qazanılan təcrübə gələcəkdə bizə çox kömək edəcək - Azərbaycan gimnastları

Bakı. Cani Babayeva - Trend:

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında qazanılan təcrübə gələcəkdə bizə çox kömək edəcək.

Bunu Trend-ə azərbaycanlı gimnastlar Sabir Ağayev və Mehriban Salamova deyib.

"Mən çıxışımızdan razı qaldım. Hesab edirəm ki, bizim əməyimiz, məşqlərimiz boşuna keçmədi və biz təsnifatda yaxşı nəticə göstərdik", - M.Salamova deyib.

"Mən də proqramı təqdim etməyimizdən razıyam. Əlbəttə, çatmalı olduğumuz hədəflər var. Çempionatda iştirakımızı nəzərə alaraq, öz proqramımızı yaxşılaşdırmağa və təkmilləşdirməyə çalışacağıq", - S.Ağayev deyib.

Gimnastlar əlavə edib ki, dünya çempionatından sonra may ayında Portuqaliyada keçiriləcək Dünya Kubokuna hazırlaşacaqlar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti