Bakı. Trend:
Qazaxıstanı təmsil edən idmançı Milad Kərimi Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda birinci yeri tutub.
Trend-in məlumatına görə, o 14.200 bal nəticə göstərib.
İkinci yerə ukraynalı gimnast İlya Kovtun (13.933 bal), üçüncü yerə isə ABŞ-ı təmsil edən Rayli Loos (13.733 bal) çıxıb.
Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edir ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.
Final yarışlarında Nikita Simonovla (halqalarla məşq) yanaşı sabah, yəni martın 12-də azərbaycanlı idmançılar İvan Tixonov (köndələn tir üzərində hərəkətlər) və Nazənin Teymurova (sərbəst hərəkətlər) çıxış edəcəklər.