Bakı. Trend:
Təxmin etmək çətindir. Favorit kimi Fabiano Karaunanı görürəm.
Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin şahmatçısı Vasif Durarbəyli deyib.
Qrossmeyster aprelin 4-də Kanadada start götürəcək İddiaçılar Turnirində Nicat Abasovun şanslarını dəyərləndirib. O bildirib ki, bu yarışda yanaşma fərqlidir: “Yalnız birinci yer əhəmiyyət kəsb edir. Nicat reytinqə görə sonuncudur. Adətən reytinq yarış proqnozu baxımından yetərincə dəqiqdir. Qalib gəlmək şansını aşağı qiymətləndirirəm. Amma ümumilikdə yaxşı oynamaq şansı var. Xüsusilə hər kəs onunla matçda riskə gedərək xal qazanmağa cəhd edəcək. Abasov bu fürsətlərdən layiqincə istifadə edə bilər”.
Durarbəyli turnirdə gənc şahmatçıların çox olmasını da şahmatçımız üçün üstünlük sayır: “Hindistanlı şahmatçılar bu yarışda ilk dəfə mübarizə aparacaqlar. Bu da Nicat üçün qismən yaxşı haldır”.
Qeyd edək ki, Abasov aprelin 4-də ilk turda Yan Neponyaşi ilə qarşılaşacaq.