...

Azərbaycan millisi Gürcüstanla yoxlama oyunu keçirəcək

İdman Materials 3 Avqust 2024 10:34 (UTC +04:00)
Azərbaycan millisi Gürcüstanla yoxlama oyunu keçirəcək

Bakı. Trend:

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinə hazırlığı Gürcüstanda davam etdirəcək.

Trend xəbər verir ki, bunu İdman.biz-ə yığmanın baş məşqçisi Fərid Cəlalov deyib.

Onun sözlərinə görə, komanda artıq fiziki hazırlıqla bağlı məşqləri yekunlaşdırıb: “Avqustun 4-də Gürcüstana gedəcəyik, orada yoxlama oyunları keçirəcəyik. Yerli yığma ilə 2-3 matçda komandamızın durumunu görmək istəyirik. Heyətdə gənclər üstünlük təşkil etdiyi üçün müdafiəni və servisləri gücləndirməyə çalışırıq. Son oyunlarda bunlardan çox əziyyət çəkdik. Qarşıda bizi Avropa çempionatı çərçivəsində Avstriya və Belçika ilə oyunlar gözləyir. Hədəfimiz daha yaxşı nəticə göstərməkdir”.

Cəlalov bildirib ki, komandaya yeni voleybolçu dəvət etməyib: “Çünki vaxtımız azdır. Xroniki zədələri olan volebolçularımız müalicə alırlar. Həkim nəzarətindədirlər. Ümid edirik ki, bu onların oyununa mənfi təsir göstərməyəcək. İnanıram ki, növbəti matçlarımızda daha yaxşı nəticə göstərəciyik”.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında Avstriya və Belçika millilərilə B qrupunda yer alıb. Yarışda oyunlar avqustun 17-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti