Bakı. Trend:
2026-cı ildə cüdo üzrə Avropa çempionatı Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.
Trend xəbər verir ki, Gürcüstanın İdman Nazirliyinin məlumatına görə, müvafiq sazişi ölkənin idman naziri Şalva Qoqoladze, Avropa Cüdo İttifaqının prezidenti Laslo Tot və Gürcüstan Cüdo Federasiyasının rəhbəri Levan Nozadze imzalayıblar.
Turnir 23-26 aprel tarixlərində baş tutacaq. Nazir Qoqoladze bildirib ki, Gürcüstan bu mötəbər yarışı yüksək səviyyədə təşkil etməyə hazırdır. Onun sözlərinə görə, belə bir tədbirin Tbilisidə keçirilməsi idman turizminin inkişafına töhfə verəcək və ölkənin beynəlxalq imicinə müsbət təsir göstərəcək.
Qeyd edək ki, Gürcüstan paytaxtı ikinci dəfə Avropa çempionatına ev sahibliyi edəcək. İlk dəfə bu turnir 2009-cu ildə Tbilisidə keçirilib.