Bakı. Trend:
Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi”-“Qarabağ” oyunu təxirə salınıb.
Trend bu barədə Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.
"Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi”-“Qarabağ” oyunu təxirə salınıb", - deyə PFL-in məlumatında bildirilib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” – “Nyukasl” matçı fevralın 18-i, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
