Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti filiz yataqlarının geologiyası və dağ-mədən tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər.
Akademiyadan Trend-ə verilən məlumata görə, bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan tədbirdə tərəflər arasında memorandum imzalanıb. Razılığa əsasən, müştərək olaraq alim və mütəxəssislər Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki tədqiqini aparacaqlar. Sənəd elmi-tədqiqat, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini, layihə və inkişaf proqramlarının həyata keçirilməsini və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasını nəzərdə tutur. Bunun üçün qarşılıqlı məsləhət və texniki təlim xidmətləri təşkil ediləcək, birgə elmi-praktik konfranslar və görüşlər keçiriləcək.
Bu işlər üçün texniki, maliyyə və kadr imkanları səfərbər olunacaq. “AzerGold” QSC-nin GGİ-nin kadr potensialı və maddi-texniki bazasından faydalanması, analitik laboratoriyalarından yararlanması, həmçinin institutun şirkət üçün gənc mütəxəssislər hazırlamaq istiqamətində köməyi də memorandumda öz əksini tapıb. Bundan başqa, sənəddə “AzerGold” QSC-nin kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparmaq üçün AMEA-nın gənc alim və mütəxəssislərinə şərait yaratması məsələsi də nəzərdə tutulur.