...

Kür sahilində sugötürücü qurğu və nasos stansiyası gələn ay hazır ola bilər (FOTO)

İqtisadiyyat Materials 6 Mart 2017 17:20 (UTC +04:00)
Zərdab rayonu ərazisində 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb.
Kür sahilində sugötürücü qurğu və nasos stansiyası gələn ay hazır ola bilər (FOTO)

Bakı. Trend:

Zərdab rayonu ərazisində 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən icra olunan layihəyə uyğun olaraq həmin torpaqların suvarılması Kür çayı hesabına həyata keçiriləcək.

Bu məqsədlə Kür çayı sahilində, Zərdab rayonunun Təzəkənd kəndi yaxınlığında məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğunun və nasos stansiyasının tikintisi layihələndirilib. Hazırda su qəbuledici qurğunun və nasos stansiyasının tikintisinə başlanılıb.

Əkin sahələrinə suyun nəqlini təmin etmək məqsədilə 1400 mm diametrli borularla 15 km uzunluğunda magistral kəmərin tikintisi də nəzərdə tutulur. İşlərin qısa müddətdə başa çatdırılması məqsədilə 4 nöqtədə magistral kəmərin tikintisi davam etdirilir. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün Zərdab 35/10 kilovoltluq yarımstansiyasından stansiyaya qədər 6,5 km uzunluqda elektrik xəttinin çəkilişi işlərinə də başlanılıb.

Tikinti-quraşdırma işlərinin 2017-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Azərsu” ASC Zərdab rayonu ilə yanaşı, Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə də suvarma layihələri icra edəcək. Padarçöl ərazisində 10 min hektar torpağın suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğusunun imkanlarından istifadə etməklə aparılacaqdır. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 km uzunluğunda su xətti çəkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti