...

Nazir "Statoil"u danışıqlar mərhələsindən saziş mərhələsinə keçməyə çağırıb (FOTO)

İqtisadiyyat Materials 14 Mart 2017 14:56 (UTC +04:00)
Ölkə iqtisadiyyatında neft-qaz sektoru əhəmiyyətli çəkiyə malikdir, bu baxımdan gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində neft-qaz ehtiyatları və hasilatın həcmi ilə bağlı proqnozlar vacibdir.
Nazir "Statoil"u danışıqlar mərhələsindən saziş mərhələsinə keçməyə çağırıb (FOTO)

Bakı. Trend:

Ölkə iqtisadiyyatında neft-qaz sektoru əhəmiyyətli çəkiyə malikdir, bu baxımdan gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində neft-qaz ehtiyatları və hasilatın həcmi ilə bağlı proqnozlar vacibdir.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu energetika naziri Natiq Əliyev “Statoil-un Enerji Perspektivləri” hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, hazırda neft-qaz yataqlarının işlənməsində iri layihələr həyata keçirilir və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının işlənməsi bu istiqamətdə növbəti mərhələni təşkil edə bilər. SOCAR ilə ”Statoil” arasında bu yataqların işlənməsi üzrə proseslərin intensivləşməsi aktuallıq kəsb etməklə yanaşı, məqsədə tam uyğundur.

“Statoil”un Azərbaycan üzrə meneceri Karsten Stoltenberq isə şirkətin Azərbaycanda 25 ildir ki, fəaliyyət göstərdiyini və ikinci ən böyük investor statusunu qoruyub saxladığını deyərək, bu illər ərzində uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib. O, “Statoil”un “Şahdəniz” layihəsini tərk etsə də, “Azəri-Çıraq-Günəşli”, digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qaldığını və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqları üzrə uzunmüddətli əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. O, 2012-ci ildə təmsil etdiyi şirkətin “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı ilə bağlı işlərə başladığını, 2014-cü ildə isə SOCAR-la müqavilə imzaladığını xatırladaraq, yeni texnologiyaların tətbiqi nəticəsində 90-cı illərin sonunda aparılmış tədqiqatlarla müqayisədə əhəmiyyətli nəticələr əldə edildiyini bildirib.

“Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədiqiqatların təqdimatı zamanı sahədə quyuların qazıldığı, 3D seysmik kəşfiyyat işləri aparıldığı, çıxarıla bilən və yerində olan neft-qaz ehtiyatlarının ilkin göstəricilərdən daha çox aşkarlandığı barədə məlumatlar diqqətə çatdırılıb. Bununla yanaşı qeyd edilib ki, “Aypara” perspektiv strukturu da tədqiqata cəlb edilib və neft-qaz ehtiyatları hesablanıb.

N.Əliyev yekun olaraq deyib ki, Azərbaycanın yaratdığı infrastrukturun uzunmüddətli işləkliyinin təmin edilməsi üçün yeni resurslara ehtiyac var və belə hesablama və tədqiqatlar imkanların qiymətləndirməsi üçün son dərəcədə vacibdir. Nazir “Statoil”u işləri sürətləndirərək danışıqlar mərhələsindən saziş mərhələsinə keçirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti