Bakı. Trend:
Cari il sentyabrın 15-də patent müvəkkillərinin attestasiyası həyata keçiriləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, patent müvəkkili statusu almaq istəyən şəxslər attestasiyadan keçmək üçün Patent və Əmtəə Nişanları Mərkəzinin Bakı şəhəri, Mərdanov qardaşları 124 küçəsi hüquqi ünvanına ərizə ilə müraciət etməlidir.
Ərizəyə ali təhsil haqqında diplomun surəti, Azərbaycan ərazisində daimi yaşayış yeri haqqında arayış, sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kurs bitirməyə dair sənəd və ya həmin sahədə ən azı iki il stajı barədə müvafiq arayış, şəxsiyyət vəsiqəsinin surəti və patent müvəkkilliyinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün müəyyən edilən dövlət rüsumunun ödənilməsini təsdiqləyən sənəd əlavə olunmalıdır.
Patent müvəkkili statusu almaq istəyən şəxslər ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin hər hansı biri və ya bir neçəsi sahəsində məhdud fəaliyyət göstərmək niyyətində olduqda onu ərizədə qeyd etməlidir.
Əlavə məlumat almaq üçün (+994) 12 534 30 70/71 (dax. 109) nörməsinə müraciət etmək olar.