...

Regionlarda torpaq idarəçiliyi və torpaq inzibatçılığı ilə bağlı maarifləndirici forum keçirilir

İqtisadiyyat Materials 23 İyun 2017 17:21 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi torpaq idarəçiliyi sahəsindəki münasibətlərin tənzimlənməsi və torpaq inzibatçılığı ilə bağlı maarifləndirici İşgüzar Forum keçirib.
Regionlarda torpaq idarəçiliyi və torpaq inzibatçılığı ilə bağlı maarifləndirici forum keçirilir

Trend-i buradan izləyin

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı respublika üzrə maarifləndirici İşgüzar Forumlara start verib.

Komitədən Trend-ə verilən məlumata görə, ilk belə tədbir iyunun 22-si və 23-də müvafiq olaraq Qazax və Ağdaş rayonlarında keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra nümayəndələri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və istifadəçiləri, eyni zamanda kütləvi informasiya nümayəndələri iştirak edib.

Maarifləndirici İşgüzar Forumun məqsədi torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində Komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbirdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrə toxunulub. Torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı görülən tədbirlərdən danışılıb.

Forumda torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir dövrün çağrışları nəzərə alınaraq yeni prinsiplərin və mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib. Yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərin torpaqların istifadəsi ilə bağlı hüquq və vəzifələri nəzərə çatdırılıb. Torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Bu sahədə normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları, onları yaradan səbəb və şərait barədə məlumat verilib.

Dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyası, təyinatına zidd olaraq torpaq sahələrində tikintilərin aparılması barədə məsələlər izah olunub. Pay torpağı alan vətəndaşların xüsusi mülkiyyətlərində olan həmin torpaqlardan ümumiyyətlə istifadə etməməsi və ya təyinatına zidd istifadəsi barədə məsələlər müzakirə edilib. Qeyd olunub ki, Komitə tərəfindən torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə birgə işlər aparılır. Torpaq təyinatına uyğun istifadə edilmədikdə istifadəçidən geri alınır, yenidən dövriyəyə qaytarılır.

Daha sonra Komitənin nümayəndələri “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə” təqdimatla çıxış edib. Torpaq idarəçiliyində yaranan qanunpozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilir, monitorinqlər təşkil edilir. Monitorinqlər zamanı torpaq qanunvericiliyinin pozulmasına görə cərimələr tətbiq olunur. Diqqətə çatdırılıb ki, İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələrinə uyğun olaraq torpaq qanunvericiliyinin pozulmasına görə cəzalar sərtləşdirilib.

Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib. Onlara Komitənin nümayəndələri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq zəruri izahatlar verilib.

Komitə tərəfindən növbəti belə maarifləndirici İşgüzar Forumlar Oğuz, Şamaxı, Cəlilabad, Salyan, Quba və Abşeron rayonlarında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti