...

170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq

İqtisadiyyat Materials 6 İyul 2017 18:00 (UTC +04:00)
22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq.
170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq

Bakı. Trend:

22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq.

Bu barədə Trend-ə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu kəndlərin 12-i Kürdəmir rayonundadır. Layihəyə uyğun olaraq, rayonun Qarabucaq qəsəbəsi, Qurdbayram, Ucarlı, Cəyli, Mürtülü, Qaraqocalı, Qağacılı, Yeni Şıxımlı, Şıxımlı, Topalhəsənli, Bala Kəngərli, Şahsevən kəndlərində su təchizatı sistemləri yaradılacaq. Hazırda 6 kənddə - Mürtülü, Qağacılı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı kəndlərində layihələrin icrası intensiv şəkildə davam etdirilir.

Kürdəmir rayonunun 12 kəndinə içməli suyun Külüllü su mənbəyindən verilməsi nəzərdə tutulur. Kəndləri su ilə təmin etmək üçün inşası nəzərdə tutulan 29 km olan su xətlərinin 14 km-lik hissəsində işlər yekunlaşıb, bulaqların quraşdırılmasına hazırlıq görülür. Ümumilikdə, Kürdəmir rayonunun 12 kəndində 100 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqust ayında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası başa çatdıqdan sonra Kürdəmir rayonunun 12 kəndində 14 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, Külüllü su mənbəyi Kürdəmir, Ağsu, Zərdab, Ucar şəhərlərinin, həmçinin bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.

Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, 22 rayonun 170 yaşayış məntəqəsində 267 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti