...

Aİ 13.5 milyon avroluq yardım proqramı üçün Lənkəranı seçdi

İqtisadiyyat Materials 3 Avqust 2017 11:10 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) kənd yerləri və regionların inkişafı vasitəsilə ölkənin iqtisadi diversifikasiyasına dəstəyini davam etdirmək məqsədilə Azərbaycan üçün yeni yardım paketi müəyyən edib.
Aİ 13.5 milyon avroluq yardım proqramı üçün Lənkəranı seçdi

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) kənd yerləri və regionların inkişafı vasitəsilə ölkənin iqtisadi diversifikasiyasına dəstəyini davam etdirmək məqsədilə Azərbaycan üçün yeni yardım paketi müəyyən edib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, dəyəri 13.5 milyon avro olan Aİ yardım proqramı iqtisadi istehsalın həcmi, adambaşına düşən gəlirlər və adambaşına düşən sərmayələr səviyyəsinin ən aşağı, lakin eyni zamanda bitkiçilik potensialının yüksək olduğu Lənkəran iqtisadi rayonunu hədəf seçib.

Aİ proqramının əsas diqqəti rayonun meyvə və tərəvəz sektorunda rəqabətliliyin davamlı şəkildə gücləndirilməsi və əlavə dəyərin artırılması üzərində cəmlənəcək.

Proqram indiyə qədər rayona milli və beynəlxaq səviyyədə rəqabətli olmağa maneə törədən çağırışlarla məşğul olacaq. Aİ öz standartlarına və ən yaxşı təcrübələrinə uyğun regional, starteji planlaşdırma sistemi yaratmaq, iqtisadi və icmalararası əməkdaşlıq mərkəzlərinin müasir şəbəkəsini qurmaq, eləcə də Lənkəranın meyvə və tərəvəz sektorunda biznes və sərmayə mühitini yaxşılaşdırmaq istiqamətində Azərbaycan hökuməti ilə birgə işləyəcək.

Qeyd olunan tədbrlər meyvə və tərəvəzin daha bazar yönümlü istehsalına töhfəsini verəcək ki, bu da Lənkəran iqtisadi rayonunun sakinlərinin faydalana bilməsi üçün həmin sektorda daha əlverişli biznes mühiti yaratmağa yardım edəcək. Kənd yerlərinin və regionların inkişafı sahəsini əhatə edən bu yeni yardım paketi Azərbaycanın iqtisadi diversifikasiya gündəliyi üçün vacib olan bir sıra sahələrdə əməkdaşlığın yaxşılaşdırılmasında Aİ və Azərbaycanın niyyətini bir daha təsdiq edir.

Proqramın maliyyələşdirilməsi Azərbaycan da daxil olmaqla, Avropa Qonşuluq Siyasəti (AQS) ölkələri üçün nəzərdə tutulmuş əsas maliyyə və əməkdaşlıq aləti olan Avropa Qonşuluq Aləti (AQA) vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti