...

Etibar Pirverdiyev: Azərbaycan Avropa elektrik enerji bazarına inteqrasiya olunacaq

İqtisadiyyat Materials 19 Oktyabr 2017 09:24 (UTC +04:00)
Bu gün ölkəmizin elektrik enerjisi üzrə regional bazarlarda, həmçinin, “Şimal-Cənub” və “Şərq-Qərb” enerji dəhlizlərində fəal iştirakının təmin edilməsi aktual məsələlərdəndir.
Etibar Pirverdiyev: Azərbaycan Avropa elektrik enerji bazarına inteqrasiya olunacaq

Bakı. Trend:

Bu gün ölkəmizin elektrik enerjisi üzrə regional bazarlarda, həmçinin, “Şimal-Cənub” və “Şərq-Qərb” enerji dəhlizlərində fəal iştirakının təmin edilməsi aktual məsələlərdəndir. Bu məqsədlə Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi ilə əlaqədar zəruri texniki-təşkilati tədbirlər həyata keçirilir.

Trend-in məlumatına görə, bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

O bildirib ki, enerji mübadiləsini və tranzitini həyata keçirən yüksək gərginlikli xətlər yenidən qurulmuşdur və qurulmaqdadır: "Onların ötürücülük qabiliyyəti artırılmışdır. Tranzit imkanlarının daha da genişləndirilməsi, enerji sistemləri arasında əlaqələrin sinxronlaşdırılması üçün sabit cərəyan çevirici yarımstansiyanın tikintisi üzərində iş aparılır. Hazırda Azərbaycanın enerji sistemi Rusiya Federasiyasının və Gürcüstanın enerji sistemləri ilə paralel rejimdə işləyir. Türkiyə enerjisistemi ilə Naxçıvan MR arasında birbaşa, Azərbaycan ilə isə Gürcüstan vasitəsi ilə əlaqə həyata keçirilir. İran ilə “ada” rejimində işləmək şərti ilə əlaqə mövcuddur. Məlum olduğu kimi, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması bizə gələcəkdə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmaq imkanı verəcək. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezident İlham Əliyev Azərbaycanla qonşu ölkələr arasında yüksək gərginlikli xətlər vasitəsi ilə elektrik enerjisi ixracının əvvəlki dövrlə müqayisədə 300 faiz artmasını, bu ilin birinci altı ayında xaricə elektrik enerjisi satışının dəyərinin 25 milyon dollar təşkil etməsini yüksək qiymətləndirmişdir".

E.Pirverdiyev qeyd edib ki, statistikaya görə, doqquz ayın yekununda ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm daha da artacaq: "Enerjisistemin yaxın və üzünmüddətli perspektivləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə özünün konkret ifadəsini tapmışdır. Bu sənəddə elektrik enerjisi sektorunun strateji və prioritet hədəfləri dəqiqləşdirilmiş, elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə olunması, elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi, həmçinin izafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisinin ixracı imkanının nəzərdən keçirilməsi investisiya tələbatlı əsas tədbirlər kimi müəyyənləşdirilmişdir. “Azərenerji” ASC-də həmin tədbirlərin icrası ilə bağlı üzərinə düşən vəzifə və öhdəlikləri vaxtında yerinə yetirmək üçün konkret fəaliyyət planı hazırlanmışdır, bu plan əsasında zəruri işlər aparılır. Yol xəritəsinin icra vəziyyəti ilə bağlı aparılmış monitorinq və qiymətləndirmənin nəticələrinə görə 2017-ci ilin birinci yarısında “Azərenerji” ASC yaxşı nəticə göstərmişdir. Strateji Yol Xəritəsinə uyğun olaraq, istismar müddəti başa çatmış və texniki göstəriciləri tələblərə tam cavab verməyən 110 - 500 kV gərginlikli yarımstansiyaların, elektrik verilişi xətlərinin müəyyən edilməsi və onların yenidən qurulması, 110 - 330 kV gərginlikli, müasir texnologiyaya cavab verən, yeni rəqəmsal yarımstansiyaların, idarə olunan elektrik verilişi xətlərinin inşa edilməsi üzrə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Onu da qeyd edək ki, yüksək gərginlikli elektrik verilişi xətlərinin traslarının razılaşdırılması və təsdiq edilməsinə dair prosedur qaydalarının təkmilləşdirilməsi məsələsi mühüm məsələ kimi gündəlikdədir, “Azərenerji” ASC bu məsələ üzrə öz tövsiyə və təkliflərini hazırlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti