...

Bolqarıstanda Azərbaycan istehsalı olan məhsulların təqdimatı keçirilib (FOTO)

İqtisadiyyat Materials 6 Dekabr 2017 19:10 (UTC +04:00)
Bolqarıstanda Azərbaycan istehsalı olan məhsulların tanıdılması davam etdirilir
Bolqarıstanda Azərbaycan istehsalı olan məhsulların təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

“Made in Azerbaijan” brendinin Bolqarıstanda tanıdılması və təşviqinin davam etdirilməsi məqsədilə 1-3 dekabr tarixində Sofiyada keçirilmiş 5-ci Balkan Rakia və Spirtli İçkilər festivalı çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ölkəmizdə istehsal olunan spirtli içkilərin, şərab və konyakların təqdimatı (master klass) keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir zamanı Azərbaycan haqqında ətraflı məlumat verilmiş, ölkəmizın şərabçılıq və spirtli içkilərin istehsalı tarixi, müxtəlifliyi və xüsusiyyətləri, ölkəmizin üzümçülük ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərab və içkilər haqqında Bolqarıstanın şərabçılıq və spirtli içkilər sahəsində aparıcı eksperti tərəfindən təqdimat keçirilib.

Təqdimatla yanaşı “Abşeron Şərab” ASC-nin “Natural” brendi altında istehsal etdiyi tərxun, tut, zoğal, ballı bibər, çaça və limon arağları, “Tovuz-Baltiya LTD” şirkətinin Al-Kuhulu brendi altında istehsal etdiyi alma və qarpız arağları, “Gəncə-Şərab 2” ASC-nin “Yeddi gözəl” və “Hillside” brendləri altında istehsal etdiyi ağ və çəhrayı şərabların dequstasiyası keçirilib. Bundan əlavə, “Gəncə Şərab-2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanın ən nüfuzlu tədbirlərindən olan “Vinaria” şərab müsabiqəsində gümüş medala layiq görüldüyü iştirakçıların diqqətinə çatdırılıb. Təqdimat zamanı xüsusi diqqət “Agro-Azerinvest” LTD şirkətinin 15 illik “Gold Baku” konyakına ayrılıb, konyakın tərkibi və rəngi barədə ətraflı məlumat verilib. Bütün məhsullar böyük marağa səbəb olub, “Gold Baku” konyakı və “Al-Kuhulu” alma arağı isə dadına görə iştirakçılar tərəfindən xüsusi heyranlıqla qarşılanıb.

Bolqarıstan, Türkiyə, Yunanıstan, Makedoniya, Serbiya və digər ölkələrdən olan istehsalçıların 250-dən çox məhsulun təqdim edildiyi bu festivalı 3 gün ərzində 3000-dən çox insan ziyarət edib. Festivalın açılışında dünyanın aparıcı spirtli içkilər müsabiqəsi olan “Councours Mondial de Bruxelles, Spirits Selection”-ın növbəti il 21-23 avqust tarixində Bolqarıstanın Plovdiv şəhərində keçiriləcəyi rəsmi olaraq bəyan edilib.

Ölkəmizdə istehsal olunan şərab və spirtli içkilərə aid olan məhsullar silsilə olaraq Bolqarıstanda tanıdılmaqdadır. Belə ki, 15-17 fevral tarixində Sofiyanın İnter Expo Mərkəzində baş tutmuş “Holiday&SPA EXPO” adlı 34-cü Beynəlxalq Turizm Sərgisi, 6-9 aprel 2017-ci il tarixində Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni Turizm” adlı 14-cü Beynəlxalq Turizm Sərgisi, 28-30 iyul tarixində Burqas şəhərində keçirilmiş “Wine Fest Burgas 2017” şərab festivalı, eləcə də cari ilin 3 dekabr tarixində Sofiyanın Beynəlxalq Qadınlar Klubu tərəfindən EXPO Mərkəzdə təşkil olunmuş xeyriyyə bazarında Azərbaycan istehsalı olan şərab, spirtli içkilər, nar suyu və narşarabın təblığatı həyata keçirilib. Bundan əlavə, Bolqarıstanda ildə 4 dəfə 2500 tirajı ilə nəşr olunan “Avropa 2001” jurnalının Azərbaycana həsr olunmuş və cari ilin may ayında işıq üzü görmüş sayında “Made in Azerbaijan” brendi və “Hillside” şərablarının reklamı yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti