...

Yasamal Yaşayış Kompleksində ticarət mərkəzinin tikintisi üzrə müsabiqə qalibi bəlli olub

İqtisadiyyat Materials 14 Dekabr 2017 12:18 (UTC +04:00)
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzinin tikintisi üzrə investisiya müsabiqəsinin qalibi müəyyən edilib.
Yasamal Yaşayış Kompleksində ticarət mərkəzinin tikintisi üzrə müsabiqə qalibi bəlli olub

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzinin tikintisi üzrə investisiya müsabiqəsinin qalibi müəyyən edilib.

Bildirilir ki, MİDA növbəti dövlət-özəl tərəfdaşlığı layihəsinə start verir.

“MİDA” MMC tərəfindən keçirilmiş investisiya müsabiqəsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində ticarət mərkəzinin tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunub. Müsabiqənin qalibi olan “PMD Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (www.pmdgroup.az) tərəfindən ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasının təşkili üçün təqribən 7 milyon manat həcmində investisiya qoyuluşu həyata keçiriləcək.

“MİDA” MMC ilə iş birliyi quracaq “PMD Group” MMC daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. İnvestor tərəfindən təqdim olunmuş ilkin konseptual təklifə əsasən, Yasamal Yaşayış Kompleksinin sakinlərinin rahatlığını və gündəlik alış-veriş tələblərini təmin etmək məqsədilə müasir standartlara uyğun inşa olunacaq ticarət mərkəzinin ümumi sahəsi təqribən 7000 kv.m təşkil edəcək. İnşa olunacaq ticarət mərkəzi ərazisində “Bravo” supermarketinin (www.bravosupermarket.az), avtodayanacaqların, müxtəlif gündəlik tələbat malları mağazalarının, həmçinin kafe və restoranların, uşaqlar üçün əyləncə zonalarının və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Təqdim olunmuş investisiya təklifinə əsasən ticarət mərkəzinin 201­9-cu ilin dördüncü rübündə istifadəyə verilməsi planlaşdırılır.

“PMD Group” MMC Agentliyin Yasamal Yaşayış Kompleksi adlı ilk layihəsinə MİDA tərəfindən cəlb olunmuş artıq 3-cü özəl investordur. Yaşayış kompleksinin ərazisində bina tikintisi və müvafiq telekommunikasiya infrastrukturunun yaradılması üçün MİDA tərəfindən daha öncə cəlb olunmuş ilk 2 investor tərəfindən ümumilikdə, 11 milyon manat yatırım edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti