...

Modernləşdirilmiş "Dağıstan" gəmi-bərəsi dəniz sınağından uğurla keçib (FOTO)

İqtisadiyyat Materials 25 Yanvar 2018 16:21 (UTC +04:00)
Modernləşdirilmiş "Dağıstan" gəmi-bərəsi dəniz sınağından uğurla keçib.
Modernləşdirilmiş "Dağıstan" gəmi-bərəsi dəniz sınağından uğurla keçib (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmirə dayanan “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib.

QSC-dən Trend-ə verilən məlumata görə, sınaq zamanı 16 uzel sürətlə hərəkət edən gəmidə heç bir çatışmazlıq aşkarlanmayıb.

Qeyd edək ki, “Dağıstan” bərəsinin istismar müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. Yeni quraşdırılan 1000 kilovat gücündə mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir. Bu mühərriklər avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından da sərfəlidir.

Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici mühərrik və qurğuları yeni layihə əsasında dəyişdirilib. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yeni baş mühərrikləri Finlandiyadan sifariş edib. “Wartsila” markalı "W32" baş mühərriki dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur. Bir sözlə, həddindən artıq ağır çəkiyə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir.

Eyni zamanda, “Dağıstan” gəmi-bərəsinin bütün idarəetmə sistemləri dəyişdirilərək daha müasirləri ilə əvəz edilir. Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorları da təzələri ilə əvəzlənib. Bərənin bütün köməkçi – yağ, su, balast sistemləri və sair əsaslı təmir olunub. Buxar qazanı yanacaq yandırma sistemləri əvəzlənməklə müasirləşdirilib.

Gəmi-bərənin gövdə və sualtı hissələri də təmir olunaraq rənglənib. Yaşayış və xidmət sahələri müasir standartlara uyğun təmir edilib.

Qeyd edək ki, “Dağıstan” bərəsinin yükgötürmə qabiliyyəti 2425 tondur. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil, üst göyərtə isə vaqon daşımaq üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti