Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu ilə işgüzar əlaqələrin genişləndirilməsi, habelə maliyyə və bank sektorları üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) nümayəndələri ABŞ-da səfərdə olub.
Palatadan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində qurumun Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov və Bank Fəaliyyətinə Nəzarət Departamentinin direktoru İmran Məmmədov Beynəlxalq Valyuta Fondunun yaz görüşlərində, o cümlədən 18 aprel tarixində təşkil olunmuş “Qafqaz və Mərkəzi Asiya regionunda müxbir bank əlaqələrinin ləğv edilməsi” mövzusunda seminarında iştirak ediblər.
Bundan əlavə, səfər çərçivəsində Palatanın nümayəndələri tərəfindən ABŞ-ın Dövlət Departamenti, Xəzinədarlıq Departamenti və onun nəzdində fəaliyyət göstərən maliyyə kəşfiyyatı orqanı (FinCEN), Xarici Özəl İnvestisiyaları Korporasiyası və İxrac-İdxal Bankının yüksək rütbəli nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycanın maliyyə-bank sektorunda aparılan islahatlar və əldə olunmuş nailiyyətlər, ixtisaslaşdırılmış beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə həyata keçirilən əməkdaşlıq layihələri, o cümlədən çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edilib.