...

Maliyyə naziri Samir Şərifov AİB-nın illik toplantısında iştirak edir (FOTO)

İqtisadiyyat Materials 4 May 2018 10:36 (UTC +04:00)
Maliyyə naziri Samir Şərifov AİB-nın illik toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.
Maliyyə naziri Samir Şərifov AİB-nın illik toplantısında iştirak edir (FOTO)

Bakı. Trend:

Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 51-ci illik toplantısı öz işinə başlayıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda iştirak edən Azərbaycan maliyyə naziri Samir Şərifov Bank tərəfindən təşkil olunmuş və Azərbaycanın təmsil olunduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramı (CAREC) ilə Çin Xalq Respublikasının qədim İpək Yolunun keçdiyi ərazilərdə yerləşən ölkələrin iqtisadi inkişafına dəstək verən Bir Kəmər Bir Yol təşəbbüsü (Belt and Road İnitiative) arasında daha geniş əməkdaşlıq perspektivləri mövzusunda keçirilən seminarda çıxış edib.

Nazir Azərbaycanın regional əməkdaşlığın inkişafı və tranzit nəqliyyat dəhlizlərinin genişləndirilməsinə xidmət edən hər iki proqramı dəstəklədiyini bildirib və ölkəmizin bu təşəbbüsləri dəstəkləyən layihələrə verdiyi tövhələr haqqında geniş məlumat verib.

İllik toplantı çərçivəsində nazir Samir Şərifov bir sıra ikitərəfli görüşlər də keçirib. Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao ilə görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Nazir son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verərək bankın bu inkişafa verdiyi töhfəyə, ələxüsus Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsinə ilk beynəlxalq maliyyə institutu olaraq verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Öz növbəsində Takehiko Nakao Prezident İlham Əliyevin xalqın böyük dəstəyi ilə yenidən prezident seçilməsilə əlaqədar təbrik və salamlarının çatdırılmasını xahiş edib. T.Nakao Azərbaycanla bank arasında əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluğunu ifadə edərək mühüm və etibarlı tərəfdaş kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində AİB-nın öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb.

AİB-nın region üzrə məsul vitse-prezidenti Vençay Janq ilə görüş zamanı isə bank tərəfindən maliyyələşdirilən layihələrin mövcud icra vəziyyəti, habelə növbəti illərdə ölkənin inkişaf strategiyası çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib.

S.Şərifov eyni zamanda Avstraliyanın beynəlxalq inkişaf naziri xanım-senator Konçetta Fierravanti Vells ilə keçirdiyi görüşdə ölkəmizin Asiya İnkişaf Bankının Direktor Şurasında Avstraliya səsvermə qrupunda təmsil olunmasından məmnunluğunu ifadə edib. Görüşdə Avstraliya ilə Azərbaycan arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün atılmalı addımlar və görüləcək işlər barədə geniş fikir mübadiləsi aparılıb.

İllik toplantı çərçivəsində maliyyə naziri Fransa İnkişaf Agentliyinin rəhbərliyi ilə də görüş keçirib. Görüş zamanı Agentlik tərəfindən Azərbaycanda dəmir yolu nəqliyyatı sahəsində maliyyələşdirilən layihələrin vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə Agentliyin yeni layihələrdə iştirak etməkdə maraqlı və hazır olduğu ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti