Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərracda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri özəlləşdirilib.
Qeyri-yaşayış sahələri üzrə keçirilən hərracda iştirakçılar arasında rəqabətli mühit yaranıb. Belə ki, paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 96.6 kv.m olan obyekt üçün ilkin hərrac qiyməti 25 min manat təyin olunub. Özəlləşdirmə prosesində 4 iştirakçı arasında yaranan rəqabət dövlət əmlakının qiymətini 3 dəfədən çox artırıb. Hərrac üzrə qalib şəxs bu obyekti 75 min manata özəlləşdirib.
Rəqabətli mühitdə özəlləşdirilən digər qeyri-yaşayış sahəsi Bakı Şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindədir. Ümumi faydalı sahəsi 49.2 kv.m olan obyektin ilkin hərrac qiyməti 9 min 750 manat təyin olunub. Hərrac iştirakçılarından biri 32 min manat təklif edərək bu qeyri-yaşayış sahəsini özəlləşdirib.
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsindəki "Material Təchizat" adlı səhmdar cəmiyyətinin nizamnamə kapitalının 43%-lik səhm paketi investor tərəfindən özəlləşdirilib. Dövlət müəssisəsinin fəaliyyət sahəsinə təchizat, ticarət və məişət üzrə xidmətlər aiddir. Ümumi torpaq sahəsi 8.8 min kv.m olan səhmdar cəmiyyətinin ərazisində inzibati bina, gözətçi binası, anbar və digər binalar var.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə ticarət obyektləri aiddir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrulla Əsgərov küçəsində yerləşən 46 saylı mağazanın ümumi faydalı sahəsi 85.4 kv.m-dir. Ticarət və digər xidmət obyekti kimi istifadəyə imkan verən əmlakı iştirakçı 6 min 750 manata özəlləşdirib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 23 aprel tarixində keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Uğurlu biznes imkanları olan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095 kv.m arasındadır. Hərraca çıxarılan bu növ dövlət əmlakları sənaye, inşaat, xidmət və digər sahələrə aiddir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 12.5 kv.m ilə 213.7 kv.m arasındadır. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlaklarından 7-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Bərdə, Daşkəsən və Sabirabadda yerləşir.