...

Gələn il Azərbaycanın dövlət və icmal büdcələrinin ilkin göstəriciləri açıqlanıb

İqtisadiyyat Materials 13 Sentyabr 2019 16:55 (UTC +04:00)
2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 484 milyon manat məbləğində proqnozlaşdırılır.
Gələn il Azərbaycanın dövlət və icmal büdcələrinin ilkin göstəriciləri açıqlanıb

Bakı. Trend:

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 617,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427,7 milyon manat və yaxud 1,7% çoxdur.

Beləliklə, büdcə kəsri 1 133,7 milyon manat məbləğində gözlənilir ki, bu da 888,3 milyon manat və yaxud 43,9% azdır.

2020-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclər 2 485,2 milyon manat (təxminən 1 462 milyon ABŞ dolları), o cümlədən faiz xərcləri 775,4 milyon manat məbləğində nəzərdə tutulub.

Gələn il hökumət kredit sazişləri çərçivəsində xaricdən 559,4 milyon dollar borc almağı, daxildən isə 100 milyon manat borclanmağı planlaşdırır.

Bu ilin sonuna Azərbaycanın xarici dövlət borcunun 8 860 milyon dollar, daxili dövlət borcunun isə 1 420 milyon manat olacağı proqnozlaşdırılır.

2019-cu ildə Azərbaycanda inflyasiyanın 3,7% təşkil edəcəyi proqnozlaşdırılır.

Hökumətin 2020-ci ildə qiymət artımı ilə bağlı proqnozu isə 4,6%-dir. Bu göstəricinin 2021-ci ildə 4,5%, 2022-ci ildə 4,1%, 2023-ci ildə isə 3,9% olacağı gözlənilir.

2020-ci ildə Azərbaycanda 82,7 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyi gözlənilir. Bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 2,4% çoxdur.

O cümlədən, gələn il qeyri-neft sektoru üzrə ÜDM istehsalının dəyəri 54,2 milyard manat nəzərdə tutulub ki, bu da bu ilə nisbətən 3,3% çoxdur.

2020-ci ildə ÜDM-in 4,8 milyard manatlıq hissəsi və yaxud 5,8%-i kənd, meşə və balıqçılıq təsərrüfatının, 31,5 milyard manatlıq hissəsi və yaxud 38%-i sənayenin, 6,5 milyard manatlıq hissəsi və yaxud 7,8%-i tikintinin, 32,7 milyard manatlıq hissəsi və yaxud 39,5%-i xidmətlərin, 7,3 milyard manatlıq hissəsi və yaxud 8,8%-i isə məhsula və idxala xalis vergilərin payına düşəcək. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,5% artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda 0,9% artın gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti