Bakı. Elçin Mehdiyev - Trend:
Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği sabahdan, oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, dövlət başçısının cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.
Oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.
Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılacaq. Bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və b. əməkhaqları cari il sentyabrın 1-dən ciddi şəkildə artırılıb .Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının orta hesabla 31 faiz artmasına imkan verib.
Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasını təmin edib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.