...

Tahir Mirkişili: Post-epidemiya dövründə texnologiyaların hökmranlığı başlayacaq

İqtisadiyyat Materials 10 Aprel 2020 17:41 (UTC +04:00)
Tahir Mirkişili: Post-epidemiya dövründə texnologiyaların hökmranlığı başlayacaq

Bakı. Trend:

Milli Məclisin aprelin 9-da keçirilən iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilib.

Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Trend-ə müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Nazirlər Kabinetinin 2019-cu il üçün fəaliyyəti barədə hesabatı Milli Məclisdə geniş müzakirə olundu. Siz bu hesabatı necə qiymətləndirirsiz?

- Bəli, biz həm də Baş nazirin məruzəsini dinlədik. Ümumilikdə, son dövrlər, xüsusən də 2019-cu ildə ölkənin sosial-iqtisadi həyatının bütün istiqamətlərində nailiyyətlər əldə olunub. Bunları danmaq mümkün deyil. Dövlət başçısının tapşırığı ilə bütün istiqamətlər üzrə hökumət tərəfindən həyata keçirilən tədbirlər ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Dünyada gedən proseslər, bölgədə olan mürəkkəb vəziyyət və digər problemlər fonunda bu nəticələrin əldə olunması doğrudan da Azərbaycan üçün mühüm nailliyyətdir.

Nazirlər Kabinetinin fəaliyyətini dəyərləndirmək üçün bir çox ölkələrdə “CP” (Performance Capability) indeksindən istifadə olunur. Azərbaycan üçün bu indeks göstəricisi 2019-cu il üçün yüksəkdir. Bizim də hesabat haqqında qənaətimiz müsbət oldu, aşağıda bunu əsaslandırmağa çalışacağam.

Təqdim olunmuş hesabat struktur və məzmun baxımından əhatəlidir, inkluzivdir, yeni bölmələr əlavə edilib. Hesabatı təhlil edərkən tərəfimizdən əsasən 2 məqama fikir verilib.

1. 2019-cu il üçün dövlət başçısı tərəfindən Nazirlər Kabineti qarşısında qoyulan hədəflərə çatılması və verilən tapşırıqların icrası.

2. Hesabatda təqdim edilmiş məlumatların rəy vermək üçün yetərliliyi.

2019-cu il yanvarın 11-də və il ərzində keçirilən müşavirələrdə dövlət başçısı cənab İlham Əliyev 2019-cu il üçün əsas iqtisadi hədəfləri müəyyən edib və onların icrası üçün müvafiq tapşırıqlar verib. Qeyd etmək istərdim ki, dövlət başçısı tərəfindən aparlıan sürətli və əhatəli sosial-iqtisadi islahatlar verilən tapşırıqların yerinə yetirilməsi üçün əlverişli şərait yaradıb.

Əsas hədəflər kimi makroiqtisadi sabitliyin möhkənləndirilməsi, real sektorun inkişafı, iqtisadi artıma nail olunması və əhalinin pul gəlirlərinin artmasını göstərmək olar. Hesabatda da göstərildiyi kimi, ÜDM-in artması, qeyri-neft sektorunun inkişafı, qeyri-neft sənayesinin və bu məhsulların ixracının əhəmiyyətli dərəcədə artması ümumi iqtisadi artımı təmin edib. İllik inflyasiyanın hədəf diapozonunun mərkəzindən aşağı olması, manatın sabit məzənnəsinin qorunub saxlanılması əhalini real gəlirlərini artırıb və onların maddi rifah halını yaxşılaşdırıb və beləliklə də makroiqtisadi sabitliyi daha möhkəmləndirməklə qoyulan hədəflərə nail olunduğunu deməyə əsas verir.

Digər hədəf iqtisadiyyatda şəffaflığın artırılması və kölgə iqtisadiyyatının həcminin azaldılması olub. Qanunvericilikdə edilmiş dəyişikliklər fonunda əmək müqavilələrinin sayının artması, əməkhaqqı fondunun ÜDM-də payının, aktiv vergi ödəyicilərinin sayının və dövriyyəsinin artması mühüm nailliyyətlərdəndir.

Strateji ehtiyatlarımızın ÜDM-in həcmindən çox olması vacib göstəricidir və bu gün iqtisadiyyatımızı bir çox problemlərdən qoruyan çox mühüm amildir. Dövlət Neft Fondunun investisiya portfelinin gəlirliyinin 5.29%-ə çatması mühüm performans göstəricisi sayıla bilər.

İnfrastruktur layihələrinin icrası ilə bağlı verilən tapşırıqların da icrası zamanı planlaşdırılandan artıq işlərin görülməsi bu sahədə uğurların əldə edilməsi deməkdir.

Məsələn, ölkədə qazlaşdırma səviyyəsinin 96%-ə çatması, avtomobil yollarının çəkilməsində 1000km hədəf əvəzinə 1300 km yolların çəkilməsi, 300 artezian quyusunun qazılması hədəfi əvəzinə 345 quyunun qazılması və s. Mən belə nümunələrdən çox çəkə bilərəm.

TANAP layihəsinin istismara verilməsi, qonşu ölkələrlə ticarət dövriyyəsinin xeyli artırılması qonşularla əlaqələrin inkişafı üçün dövlət başçısının verdiyi tapşırığın yerinə yetirilməsi baxımından mühüm göstərici sayılmalıdır. Rusiya ilə xarici ticarət dövriyyəmizin 25%, İranla 30% artması, Türkiyə ilə 4 mlrd. dollara çatması yaxşı göstəricilərdir.

- Bəs hesabatda sizi qane etməyən məqam oldumu? Yaxud da hesabatın daha da təkmilləşdirilməsi baxımından təklifləriniz oldumu?

- Bəli. Qeyd edim ki, həyata keçirilən böyük həcmdə işlərlə yanaşı, hesabatda göstərilmiş bəzi makroiqtisadi göstəricilərin icra vəziyyətinin 2019-cu il üçün büdcə zərfində təqdim olunan proqnoz göstəricilərdən fərqlənməsi diqqətimizi çəkib. Fikrimizcə, gələcəkdə iqtisadi proqnozlara nail olunmasında daha çox potensialın işə salınması faydalı ola bilərdi. Bu istiqamətdə dövlət başçısının da müvafiq tapşırıqları olub.

Eyni zamanda gələcəkdə hesabatda dövlət proqramlarının icrası vəziyyət ilə bağlı daha ətraflı məlumatların verilməsi faydalı olardı. Bir çox konrekt məsələlərin də həlli vacib sayılır. Məsələn, investisiya təşviqi sənədinin işləmə mexanizminin təkmilləşməsi sahibkarların daha çox özəl investisiya yatırmasına səbəb olar bilərdi. Vətəndaşlara verilmiş 1.4 milyon yeni nəsil şəxsiyyət vəsiqələrinə yazılmış elektron imzaların aktiv olmaması onlara evdən çıxmadan bir çox elektron xidmətlərdən istifadəsinə maneə olmaqdadır. Bu məsələnin təcili həlli vətəndaşlara məsafədən xidmət etməyə imkan yaradır.

- Hazırkı pandemiya şəraitində Nazirlər Kabineti müxtəlif tədbirlər həyata keçirir. Sizcə, bu tədbirlə nə dərəcə effektlidir?

- Dünyada koronavirus epidemiyasının yayılması və dünya bazarlarında neftin qiymətini kəskin enməsi hökumətləri daha operativ və təxirəsalınmaz tədbirlər görməyə sövq edib. Azərbaycanda dövlətin vətəndaşların sağlamlığını qorumaq və iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyanı qarşılamaq üçün atdığı addımlar hər birimiz tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə həyata keçirilən bu tədbilər epidemiyanın yayılma səviyyəsini kəskin azaldıb və minimum itkilərlə qarşılaşmağımıza səbəb olub.

Azərbaycan həm də ÜDM-ə nisbətdə və öz ehtiyatları hesabına regionda ən çox sosial-iqtisadi dəstək proqramı elan edən bir ölkədir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın da fəaliyyəti tərəfimizən yüksək qiymətləndirilir. Bu tədbirlərin həm də mühüm iqtisadi nəticələri olacaq. Belə ki, dünyada aparılmış təhlillərə görə 10 günlük karantin sonradan 5% daha çox iş yerlərini açılmasına səbəb olacaq. Bu baxımdan atılan sərt məhdudlaşdırıcı addımlar insanların həyatını qorumaqla sonradan onların iqtisadi həyatında da mühüm rol oynacayacaq.

- Bu gün dünyada müxtəlif iqtisadçılar post-epidemiya dövrü üçün proqnozlar verirlər. Sizcə, Azərbaycan post-epidemiya dövründə daha sürətli inkişaf üçün indidən hansı tədbirlərə üstünlük verməlidir?

Artıq hər kəs üçün aydındır ki, post-epidemiya dövründə iqtisadi münasibətlərdə və idarəetmədə innovativ üsullar xüsusi əhəmiyyət kəsb edəcək. Eyni zamanda düşünürük ki, qanunverici orqanın hökumətlə sıx əməkdaşlığı çərçivəsində post -epidemiya dövrü üçün innovativ qanunvericilik bazasının hazırlanması iqtisadi inkişaf sürətimizin bərpa olunmasına mühüm dəstək ola bilər. Xüsusilə də, mövcud problemlərin həllində yeni metodların, məsafədən idarəetmənin tətbiqi, rəqəmsal iqtisadiyyatın formalaşmasında, elektron ticarətin inkişafında yeni ideyaların reallaşması günün aktual tələblərindəndir.

Post-epidemiya dövründə texnologiyaların hökmranlığı başlayacaq. Bu dövr üçün indidən vaxt itirmədən texnoloji biliklərimizi, infrastrukturumuzu, qanunvercilik bazamızı daha də təkmilləşdirməliyik.

Prezident cənab İlham Əliyevin apardığı sosial-iqtisadi islahatlar əslində Azərbaycanı bu dövrə hazırlamaqdadır. İqtisadi islahatların əsas hədəflərindən biri innovativ iqtisadiyyat qurmaq, insan kapitalına və texnologiyalara əsaslanan sosial- iqtisadi münasibətlərin formalaşmasıdır. Əminəm ki, biz bu yolla getməklə və hər birimiz öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməklə qarşıya qoyulan hədəflərə çatacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti