...

Aflatoksinin qarşısını almaq üçün nə etmək lazımdır? - Elmi məqalə

İqtisadiyyat Materials 16 May 2020 12:46 (UTC +04:00)
Aflatoksinin qarşısını almaq üçün nə etmək lazımdır? - Elmi məqalə

Bakı. Trend:

Ölkəmizin əlverişli iqlim şəraitinə və münbit torpağa malik olması, onun kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yüksək potensialına təminat verir. Yüksək keyfiyyətə malik, ixrac qabiliyyətli, yerli və xarici bazarlarda rəqabətə davamlı məhsullar üzrə çeşidlərin artırılması olduqca vacib məsələdir. Ona görə də məhsul istehsalında və istehlakında innovativ və müasir texnologiyaların tətbiqi yolu ilə nailiyyətləri artırmaq mühüm əhəmiyyətə malikdir.

Fındığın tərkibi zülal, karbohidrat, vitaminlər və yağ turşuları ilə zəngindir. Fındığın geniş istehlakının və tərkibinin qidalı maddələrlə zəngin olması onu faydalı hala gətirsə də, düzgün becərilməməsi və emal edilməməsi hallarında tərkibində kif göbələkləri əmələ gəlir ki, bunlar da öz növbəsində aflatoksin adlanan xüsusi toksinlər ifraz edirlər.
Bəs fındığın düzgün qaydada becərilməsi, yığılması, qurudulması, saxlanılması necə təmin olunmalıdır ki aflatoksin yaranmasın?

Fındığın əkilməsi üçün torpaq düzgün seçilməlidir. Şaxtaya və infeksiyalara davamlı sortlar əkilməli, cərgə və bitkiarası məsafə göbələklərin inkişafını ləngidən uyğun havalandırılmanı təmin etməlidir. Qrunt sularının səviyyəsi, ətraf mühit amilinin məhsula təsiri (məsələn, küləklə gətirilən və ya torpaqda olan çirkləndirici və tozlar), suvarma və digər məqsədlər üçün su təminatının olması nəzərə alınmalıdır. Hər vegetasiya dövründən əvvəl ağaclar uyğun şəkildə budanmalı və müvafiq pestisidlərlə işlənməlidir. Torpaq, göbələyin inkişafına şərait yaradan bitki və qalıqlardan təmizlənməli, kif və ya digər göbələk sporlarının yayılmasına səbəb olan bağətrafı torpaqlar şumlanmalıdır.
Fındıq silkələnərək yığılırsa, bu halda yerə tökülmənin qarşısını almaq üçün ağacın altına örtük və ya brezent materiallar salınmalıdır. Fındıq yağışlı havalarda yığılıb yaş halda kisələrə doldurulmamalı və neylon kisələrdə saxlanılmamalıdır. Yerə tökülən fındıq dərhal toplanmalı, yarpaq, budaq, çürüklər, həşərat və kənar materiallardan təmizlənməli, patozlanan fındıq isə tez bir zamanda qurudulmaq üçün nəzərdə tutulan quru sahəyə sərilməlidir. Sərilərkən yağışdan qorunması məqsədilə üzərində ən azı 20-30 sm hündürlükdə çardaq düzəldilməli, 3-4 saatdan bir qarışdırılaraq quruması təmin edilməlidir.

Fındığın qərzəyindən ayrılması prosesi mümkün qədər tez həyata keçirilməlidir. Qərzəyindən ayrılmış fındıq qısa müddət ərzində qurudulmalı və nəmliyi 6%-dən çox olmamalıdır. Qurudulmuş fındıq kisələrə isti halda yığılmamalıdır. Bu proses səhər tezdən və ya axşam saatlarında həyata keçirilməlidir. Fındığın polietilen və neylon kisələrə yığılması yolverilməzdir. Çünki bu qablaşdırma materialları hava keçirmədikləri üçün fındığın kiflənməsinə, tərkibində nəmliyin artmasına və nəticədə aflatoksinin yaranmasına səbəb olur. Ona görə də fındıq hava keçirən kətan-kənaf kisələrə yığılmalıdır. Parazitlərlə yoluxma, çürümə əlamətləri və digər qüsurlar varsa, fındıq emal edilməməlidir.

Emal zavodu ərazilərində qabığından ayrılma, çeşidləmə, hazırlıq, qurutma, saxlanılma sahələrində istifadə olunan avadanlıqlar çirkləndirici materiallardan azad olmalıdır. Daşınma zamanı istifadə olunan konteynerlərdə çatlar və deşiklər olmamalıdır. Kisələr arasında hava axını nəzərə alınmaqla quru, təmiz, fındıq üçün yoluxma riski olmayan maşınlarla anbarlara daşınmalıdır.

Anbarlarda hava axını təmin edilməli, mikroiqlim quru və sərin olmalıdır. Əgər məhsul müvəqqəti saxlanılarsa, temperatur 15-20°C-dən, uzunmüddətli saxlanılarsa, 0-10°C-dən, nəmlik isə 70%-dən artıq olmamalıdır.

Göstərilən şərtlərə əməl edilmədiyi halda aflatoksinin yaranması qaçılmazdır və fındığın qidalılıq tərkibinin dəyişməsinə, ümumi yağ miqdarının azalmasına, zülalların parçalanmasına, rənginin dəyişməsinə, xoşagəlməz qoxuya, dada və çəki itkisinə gətirib çıxara bilər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti