Bakı. Trend:
İqtisadiyyat Nazirliyi və xarici diplomatik korpusun nümayəndələri arasında videokonfrans formatında keçirilən görüşdə 35-ə yaxın diplomatik missiyanın 70-ə yaxın nümayəndəsi iştirak edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda həyata keçirilən islahatları, əlverişli biznes və investisiya mühitini diqqətə çatdırıb, xarici ölkələrlə iqtisadi əməkdaşlığın genişləndirilməsində yeni təşəbbüslərin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, xarici ölkələrlə rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat-logistika kimi prioritet sahələrdə əməkdaşlıq imkanları vurğulanıb. Bildirilib ki, Covid-19 pandemiyasının iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması məqsədilə qəbul edilmiş Tədbirlər Planı çərçivəsində prioritet sektorların inkişafı üzrə tədbirlər həyata keçirilir, sərmayə yatıran yerli və xarici sahibkarlar üçün vergi və gömrük güzəştləri, həmçinin investisiya təşviqi mexanizmləri tətbiq olunur. Yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqi dövlət-özəl tərəfdaşlığı formatında layihələrin həyata keçirilməsi və dövlət şirkətlərinin fəaliyyət göstərdiyi sahələrə özəl investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli rol oynayacaq.
Tədbirdə belə görüşlərin mütəmadi olaraq təşkil olunması, xarici diplomatik korpusun nümayəndələrinin ölkəmizdə həyata keçirilən mühüm iqtisadi tədbirlər, iqtisadi qanunvericilikdə yeniliklər barədə məlumatlandırılmasının əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan iqtisadiyyatı, biznes və investisiya imkanlarına dair təqdimat keçirilib.