...

İqtisadi Şuranın yaradılması ölkə iqtisadiyyatını müasir çağırışlara uyğunlaşdıracaq - Deputat

İqtisadiyyat Materials 11 Sentyabr 2020 20:29 (UTC +04:00)
İqtisadi Şuranın yaradılması ölkə iqtisadiyyatını müasir çağırışlara uyğunlaşdıracaq - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

2016-cı ildə cənab Prezidentin sərəncamı ilə Maliyyə Sabitliyi Şurası yaradılmışdı. Bu Şura yaradılanda iqtisadiyatın trendləri daha çox ölkədə maliyyə sabitliyinin təmin olunmasına yönəlmişdi. Çünki, ölkə iqtisadiyyatına xaricdən təsirlər çoxalmışdı. Bu, dünya iqtisadi böhranının baş verməsi, qlobal bazarlarda neftin qiymətinin aşağı düşməsi, milli valyutamızın devalvasiya olunması ilə bağlı idi.

Bu barədə Trend-ə danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Maliyyə Sabitliyi Şurası yaradılanda onun qarşısına qoyulmuş məqsəd ölkədə iqtisadi və maliyyə sabitliyinin təmin olunmasından ibarət idi:

"Maliyyə Sabitliyi Şurası qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəldi, dünya iqtisadi böhranının fəsadlarını minimumlaşdırdı, ölkə iqtisadiyyatı artdı və maliyyə sabitliyi təmin olundu. İndi isə yeni situasiya yaranmışdır. Qlobal pandemiyanın həyatımıza gəlməsi, neftin qiymətindəki dalğalanmalar, insanların sosial rifahının pisləşməsinə təsirlərin çoxlaması, iqtisadi azalmanın baş verməsi iqtisadi siyasətdə yeni yanaşmanın ortaya qoyulmasını zəruri etdi. Cənab Prezidentin sərəncamı ilə öz dövrünü başa vurmuş Maliyyə Sabitliyi Şurasının ləğvi və İqtisadi Şuranın yaradılması ölkə iqtisadiyyatının müasir dövrün çağırışlarına uyğunlaşdırılmasına imkan verəcəkdir. Müasir dövrün çağırışları pandemiyanın ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması, postpandemiya dövründə iqtisadi artımların əldə olunması, dayanıqlı iqtisadi mənbələrin yaradılması, ölkə iqtisadiyyatına xarici və daxili təsirləri qabaqlayıcı tədbirlərin görülməsi, makroiqtisadi sabitliyin qoprunub-saxlanılması üçün iqtisadiyyatda baş verən prosesləri öyrənilməsi və qabaqlayıcı tədbirlərin görülməsindən ibarətdir. İqtisadi Şuranın qarşısına qoyulmuş vəzifələr çox ciddi və məsuliyyətlidir. Məhz düzgün planlaşdırma və iqtisadi inkişaf proqramların hazırlanması ilə İqtisad Şura qısa bir zamanda ölkədə kəskin iqtisadi artıma nail olmalıdır. Bu, ölkəyə xarici və daxili investisiyaların cəlb olunması, qeyri-neft sektorunda inkişafın sürətlənməsi, ölkənin qeyri-neft ixrac potensialının artırılması və digər istiqmətlərlə mümkün olacaqdır. Hesab edirəm ki, yeni yaradılmış İqtisadi Şura qısa bir zamanda ölkə iqtisadiyyatının yenidən dirçəlməsinə və vətəndaşların sosial rifahının artmasına töhfə verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti