...

Azad edilmiş ərazilərimizdə məşğulluq probleminin həlli üçün TƏKLİFLƏR

İqtisadiyyat Materials 20 Noyabr 2020 14:02 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

İşğaldan azad edilmiş ərazilərimizə əhalinin köçürülməsi kortəbii baş verməyəcək, dövlət bu məsələ ilə bağlı strateji plan – geniş proqram hazırlayacaq.

Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, köçürülmədən əvvəl büdcə təşkilatlarında, eləcə də məktəb və digər müəssisələrdə geniş yerdəyişmə proqramı hazırlanaraq icra edilməlidir:

"Məsələn, Sumqayıt məktəbində işləyən zəngilanlı müəllim Zəngilan məktəbinə yerdəyişmə edir. Zəngilan məktəbində işləyən qeyri-Zəngilan qeydiyyatlı müəllim də öz arzusuna uygun digər məktəbə yerdəyişmə edə bilər. Beləcə müəyyən istisnalar saxlanmaq şərti ilə köçürüləcək məktəblərin bütün əməkdaşları o məktəbin aid olduğu rayon qeydiyatında olanlardan təşkil edilməlidir. Bu zaman müəyyən istisnaların olması mütləqdir. Məsələn, hansısa bir sumqayıtlı müəllim məktəb Zəngilana köçürülərkən orada işləmək istəsə, buna imkan verilməlidir".

İqtisadçı hesab edir ki, bu yanaşma icra hakimiyyətlərinin, nazirliklərin rayonlar üzrə olan struktur bölmələrinin və digər mümkün olan bütün müəssisə və təşkilatlar üçün tətbiq edilməlidir.

Ekspertin fikrincə, ilkin mərhələdə "Azərsu", "Azərenerji", "Azəriqaz" və s. kimi dövlət təşkilatlarında işğal edilmiş rayonlar üzrə əmək bölgüsü yenidən formalaşdırılarkən ərazi üzrə qeydiyyat əsas götürülməli, köçkün olmayan statuslu vətəndaşların bu əmək bölgüsündə iştirakından imtina edilməlidir. Kadr çatışmazlığı halları istisna olmaqla, işçi qüvvəsi köçkün olan vətəndaşlardan formalaşdırılmalıdır. Xüsusi peşə bacarıqlarına malik kadrların cəlbinə zərurət yarandığı zaman istisnalara yol vermək olar.

E.Əmirov hesab edir ki, bu yanaşma özəl təsərrüfat fəaliyyəti sahələrinə tətbiq edilə bilməz. Çünki sahibkarlıq fəaliyyətində əmək ehtiyatlarının yerdəyişməsi çox çətin, bəzən isə mümkün olmayan prosesdir. Buna görə də bu sektorda fərqli bir prinsipdən istifadə olunmalıdır:

"Məsələn, digər ərazidə olan təsərrüfat fəaliyyəti işğaldan azad edilmiş əraziyə transfer edilə bilər. Aydın məsələdir ki, bunu bütün sahələrə şamil etmək qeyri-mümkündür. Amma o sahələrdə ki bunu etmək olar, bu, mütləq icra edilməlidir. Köçürülməsi mümkün olan istehsal və ya emal sahələri, bəzi satış mərkəzləri və s. fəaliyyət sahələri var ki, onu işğaldan azad edilmiş ərazilərimizə transfer eləmək mümkündür. Elə sahələr də var ki, onun transferi mümkün deyil".

Ekspertin qənaətincə, bəzi fəaliyyət sahələrinin işğaldan azad edilmiş ərazilərimizdə qurulması ilkin dövrdə ya mümkün, ya da onlar rentabelli olmayacaq. O, belə sahələrə nümunə olaraq, taksi, əyləncə xidmətləri və s.-ni göstərib.

Mütəxəssis təklif edir ki, dövlət hazırda belə xidmətlərin göstərilməsi ilə məşğul olan və işğaldan azad edilmiş ərazilərimizə köçmək istəyən köçkün statuslu sahibkarlara iqtisadi gəlir əldə etdikləri əmlaklarının satışına və bundan əldə olunan gəlir hesabına yeni ərazilərdə yeni biznes fəaliyyətinin qurulmasına yardım edə bilər. Yeni biznes fəaliyyəti regionun cografi və demoqrafik xüsusiyyətinə uyğun ola bilər. .Dövlətin belə sahibkarlara göstərəcə biləcəyi yardım isə konsaltinq xidmətlərinin göstərilməsi, vergi güzəştlərinin tətbiqi, torpaqların verilməsi və s. istiqamətlər üzrə ola bilər:

"Bu köçürülmə məsələsində ən çətin vəziyyət transferi və satılaraq yenidən yaradılması mümkün olmayan sahələrlə bağlı ola bilər. Bu zaman dövlətin üzərinə daha böyük yük düşəcək. Tam yeni fəaliyyət istiqamətlərinin, ailə biznez təsərrüfatlarının və s. məşqulluq sahələrinin yaradılması üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Kiçik və Orta biznesin İnkişafı Agentliyi və digər çox saylı dövlət qurumların öhdəliyinə düşən məhsuliyyət artacaq. Kadrların və təsərrüfat fəaliyyətlərinin yerdəyişmə mexanizmi nə qədər dəqiq və geniş şəkildə hazırlanaraq tətbiq edilərsə, sonrakı mərhələdə həmin regionlarda məşğulluq problemi öz həllini daha asan tapmış olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti