...

Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı

İqtisadiyyat Materials 24 Noyabr 2020 11:50 (UTC +04:00)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər Silahlı Qüvvələri 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsini böyük zəfərlə başa vurdu və işğala son qoyuldu.

Trend-in məlumatına görə, Post-konflikt quruculuğunun əsas istiqamətləri barədə suallara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı cavab verib.

- Post-konflikt quruculuğunda konseptual çərçivəni necə qiymətləndirmək olar?

- Əslində cənab Prezident İlham Əliyev post-konflikt quruculuğunun konseptual çərçivəsini müəyyənləşdirib. Azərbaycanın post-konflikt dövründə işğaldan azad olunmuş ərazilərinin inkişafı, o cümlədən, institutsional həllər, beynəlxalq inkişaf partnyorları və investorların da cəlb edilməsi ilə bərpa-quruculuq və humanitar fəaliyyət, dövlət-özəl partnyorluğu, məcburi köçkünlərin geri qaytarılması və sosial kapitalın inkişafı dövlətin xüsusi proqram-əsaslı yanaşması ilə həllini tapa bilər.

Post-konflikt quruculuğu Azərbaycan Respublikasının ümumi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcəkdir. BMT-nin qəbul etdiyi davamlı inkişaf məqsədləri və 4-cü sənaye inqilabı prinsiplərinə uyğun olaraq, post-konflikt əraziləri yerli xüsusiyyətlər, resurslar və perspektivlər nəzərə alınmaqla inkişaf etdiriləcək. Beynəlxalq ekspertlər də cəlb olunmaqla Ermənistanın Azərbaycana vurduğu ziyan, o cümlədən, torpaq, su, meşə resurslarına, faydalı qazıntılara, əmlaka və mədəni sərvətlərə, ən əsası mülki insanlara dəyən ziyan hesablanaraq, qarşı tərəfə iddialar qaldırılır.

Qarabağın inkişaf strategiyası qısa, orta və uzunmüddəti dövrü əhatə etməklə, yerli, regional, milli və beynəlxalq səviyyələrdə olan fəaliyyətləri özündə ehtiva edə bilər. Strategiyanın həyata keçirilməsi üçün idarəetmənin təşkili və dövlətin makroiqtisadi, fiskal, monetar, sosial və digər siyasət alətlərindən istifadə zərurirdir. İri dövlət maliyyələşməsini əsas götürərək fiskal dayanıqlılıq və beynəlxalq inkişaf partnyorlarının dəstəyini tənzimləyən donor koordinasiyası mexanizmi vacibdir. Eyni zamanda milli valyutanın real məzənnəsinin tənzimlənməsi üçün pul kütləsinin iqtisadiyyat tərəfindən udulması mərhələlərinin nəzərə alınması zərurəti yarana bilər.

Post-konflikt quruculuğu Azərbaycanda iqtisadi artımı tətikləyən amil kimi çıxış edəcəkdir. Azərbaycan bölgədə iqtisadi, siyasi və hərbi üstünlüyünü bundan sonra da daim möhkəmləndirəcəkdir.

- Beynəlxalq təcrübədə post-konflikt bərpa strategiyaları barədə nə deyə bilərsiniz?

- Post-konflikt bərpa strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi artıma və insan inkişafına nail olmaqdır. Bir çox post-konflikt ölkələrinin o cümlədən İraq, Əfqanıstan, Kosova, Xorvatiya kimi keçmiş münaqişə ölkələrinin iqtisadi bərpasının tədqiqi göstərir ki, keçmiş münaqişə ölkələri, stabil zəif inkişaf edən ölkələrə nisbətdə daha ciddi problemlərlə üz-üzə qalırlar. Bu problemlərə iqtisadi daralma, yüksək inflyasiya, xroniki fiskal defisit, yuxarı dövlət borclanması, dağıdılmış fiziki, insan və sosial kapital, məhv olunmuş iqtisadi stimul, geniş yayılmış yoxsulluq və kütləvi işsizlik aid oluna bilər. Azərbaycanın “təhlükəsizlik yastığı”, bəlli vizyon və siyasi iradə bu problemlərdən yan qaçmaq imkanı yaradacaqdır.

Dünya təcrübəsində post-konflikt dövründə büdcə resurslarının səfərbər olunması və yenidən prioritetləşdirilməsi müşahidə edilir. Azərbaycanda mövcud şəraitdə bu modeldən istifadə etmək daha məqsədəuyğun ola bilər. 1971-ci ildə Malayziyada qəbul olunmuş Yeni İqtisadi Siyasət strategiyası iki üsulla milli birliyin təmini məqsədi daşıyırdı: yoxsulluğu azaltmaq və cəmiyyətin yenidən strukturlaşmasının sürətləndirməklə iqtisadi disbalansı aradan qaldırmaq.

Dünya praktikasına əsasən, ilk olaraq daxili insan kapitalı qiymətləndirilməlidir ki, buna əsasən keçmiş münaqişə zonası əhalisi daxildir. Bu iqtisadi iştirakçılar xarici agentlərin maliyyəşdirilməsini passiv şəkildə gözləməməlidir. Əksinə daha qətiyyətli, daha çox çalışqanlıq və innovativlik göstərərək özləri də əlavə dəyər yarada bilərlər. İnkişaf strategiyaları sosial dinamikliyə və institutsional proseslərin tam dərk edilməsinə əsaslanarsa daha dayanıqlı olur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına əsasən yerli iqtisadi iştirakçılar bərpa planında əsas rol oynamalıdırlar.

Post-konflikt ölkələrinin təcrübəsində yeni iqtisadi inkişaf strategiyası makroiqtisadi sabitliyi təmin etmək üçün aşağıdakı tələblərə cavab verməlidir: iqtisadi islahatlar mərhələli və ardıcıl aparılmalı, özəl investisiyaların yatırılması əsas prioritet seçilməli, iqtisadi canlanmanı təmin edən monetar və fiskal siyasət yenidən qurulmalı, bərpanın maliyyələşdirilməsi və məşğulluğun artırılması ilə bərabər fiskal dayanıqlığın təmin edilməsi fiskal siyasətin əsas məqsədi olmalı, fərdlər və ev təsərrüfatları üçün bütün sosial xidmətlər bərpa olunmalı, beynəlxalq yardım və qrantların idarə olunmasında şəffaflıq və səmərəlilik təmin olunmalı, düzgün donor koordinasiya mərkəzi qurulmalı, strategiyanın icrasını təmin edən institut formalaşdırılmalıdır.

İkinci dünya müharibəsindən sonra Fransa və İtaliya iqtisadi bərpanı Marşal planı əsasında həyata keçirmişdir. Digər post-konflikt yardımları kimi Marşal planı çərçivəsində verilən yardımın idxal olunan mal və xidmətlərlə bağlılığı var idi, eyni zamanda yardımdan istifadə ABŞ-ın büdcə və xərcləri təsdiqləməsi ilə şərtlənirdi. İtaliya və Fransa bu proqram şərtləri və gözləntilərindən kəskin kənarlaşmalarla ölkənin prioritet sahələrini daha çox maliyyələşdirməklə uğurlu post-konflikt bərpa siyasətləri həyata keçirmişlər.

Bütün bu mərhələlərdə post-konflikt bərpa modelinin qurulmasında əhəmiyyətli rol oynayan beynəlxalq qurumların təcrübəsindən istifadə etmək zəruridir. Effektli post-konflikt modelinin həyata keçirilməsi üçün yüksək keyfiyyətli institusional mühit, əlçatan maliyyələşmə mənbələri, islahatların mərhələliliyi zəruri amillərdəndir.

- Qarabağın inkişaf strategiyasının əsas istiqamətləri necə ola bilər?

- Cənab Prezidentin tapşırığı əsasında Azərbaycanda yaradılan iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinə uyğun olaraq Qarabağ bölgəsi davamlı inkişaf etdirilərək ölkə həyatına reinteqrasiya olunacaqdır. Qarabağın inkişaf strategiyası vaxt ardıcıllığı və bölgələr nəzərə alınmaqla aşağıdakı prioritetlər üzrə həyata keçirilə bilər. Qarabağın inkişaf strategiyasının həyata keçirilməsini təmin etmək üçün idarəetmə, monitorinq və qiymətləndirmə mexanizmi, həmçinin şəffaf və hesabatlı maliyyələşmə mexanizmi qurula bilər. İşğaldan azad edilmiş ərazilərin dekontominasiyası və şəhər, qəsəbə və kəndlərin yeni baş planları əsasında quruculuq-abadlıq fəaliyyəti başlayacaq. Ərazidə iqtisadi infrastrukturun, o cümlədən, yol, meliorasiya-irriqasiya, elektrik, qaz, su, kanalizasiya və s. sistemlərinin yaradılması, bərpası və inkişaf etdirilməsi zəruridir. Eyni zamanda ərazidə sosial infrastrukturun, o cümlədən, təhsil və səhiyyənin inkişafı vacibdir. İşğaldan azad olunmuş ərazilərdə dövlət və bələdiyyə idarəetmə orqanlarının fəaliyyətinin tam təmin olunması, rəqabət qabiliyyətli iqtisadi sahələrin inkişaf etdirilməsi və məşğulluğun, o cümlədən, özünüməşğulluğun təmin olunması prioritet olmalıdır. Məcburi köçkünlərin mərhələlərlə iqtisadi və sosial məsələlər nəzərə alınmaqla öz yerlərinə qayıtması, insan kapitalının inkişafı, dövlət sərmayələri ilə yanaşı xarici və yerli sərmayənin cəlb olunması, sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta biznesin inkişafının dəstəklənməsi, iqtisadiyyatın innovativ həllər, yeni texnologiyalar, yaşıl iqtisadiyyat və dövri iqtisadiyyat prinsiplərinə uyğun inkişaf etdirilməsi də prioritetlər arasındadır.

- Post-konflikt quruculuğunda hansı maliyyə mənbələrindən istifadə olunacaq?

- Burada müxtəlif maliyyə mənbələrindən, o cümlədən, dövlət büdcəsi, SOFAZ, xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələr, qrantlar və ianələr, özəl sərmayələr, qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən istifadə edilə bilər. Artıq indidən hiss olunur ki, beynəlxalq təşkilatlar, xarici dövlətlər, iri və orta biznes nümayəndələri post-konflikt quruculuğunda iştirakda maraq göstərirlər. Hər bir beynəlxalq təşkilat öz mandatına və hər bir biznes öz profilinə uyğun olaraq azad edilmiş ərazilərdə sərmayə yatırmağa hazırdı. İsraildə olduğu kimi, Azərbaycanda da diaspor investisiya modelindən də geniş istifadə etmək mümkündür. Münaqişədən sonrakı dövrdə ərazilərdə texnologiya sahəsinə cəlb edilməsi düşünülən sərmayələri vençur kapital, kraudfandinq və kraudinvestinq yolu ilə artırmaq olar. İlkin səviyyədə böyük həcmdə sərmayə qoyuluşu çətin olduğundan, kiçik və orta biznes səviyyəsində sərmayələrin cəlb edilməsi sonrakı dövrdə böyük investisiya qoyuluşlarına dəstək olacaq. Bunun nəticəsidir ki, Tayvan və Yaponiya texnologiya sahəsində vençur kapital qoyuluşlarında özlərini doğruldublar. Dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə bir çox sahələrə sərmayə cəlb edilə bilər. İnfrastruktur layihələrin dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə həyata keçirilməsi özəl sektorun canlanmasına, səmərəliliyin artmasına və dövlət büdcəsinə düşəcək yükün azalmasına gətirib çıxarır.

İşğaldan azad olunan ərazilərdə dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, emal sənayesi, turizm-rekreasiya, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən əhəmiyyət kəsb edəcək. Post-konflikt quruculuğu ölkəmizin iqtisadi təhlükəsizliyi, o cümlədən ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayacaq. Bu ərazilərdə investisiyaların təşviqi üçün müxtəlif mexanizmlər, o cümlədən, sənaye parkları və məhəllələri, aqro və texnoparklar və digər investisiya təşviqi mexanizmləri tətbiq edilə bilər. Qarabağda investorların maraqlarına səbəb ola biləcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur. Regionun həm 80 milyonluq İran, həm də Naxçıvan üzərindən 83 milyonluq Türkiyə bazarlarına çıxış imkanları ixrac-yönümlü sərmayələr üçün cəlbedicidir.

Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ÜDM-in artımını sürətləndirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti