...

"AmCham Azərbaycan"ın rəhbərliyi ilə ƏƏSMN əməkdaşları arasında onlayn görüş keçirilib

İqtisadiyyat Materials 11 Yanvar 2021 10:30 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək və bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri mövzusunda onlayn işgüzar görüş keçirilib.

AmCham Azərbaycanın prezidenti Nuran Kərimov açılış nitqi söyləyərək iştirakçıları salamlayıb. O, bu kimi tədbirlərin dövlət və özəl sektor arasındakı dialoqun davam etdirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Cənab Kərimov qeyd edib ki, AmCham Azərbaycan öz korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi olaraq şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması məsələsinə xüsusi əhəmiyyət verir. O həmçinin bildirib ki, Palata üzvləri tərəfindən bu istiqamətdə töhfə vermək üçün mütəmadi olaraq müxtəlif işlər görülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov təşkil edilmiş tədbirin dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib. O həmçinin, hazırda Nazirlik tərəfindən qeyd edilən istiqamətdə həyata keçirilən layihələr və şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması üçün aparılan tədbirlər və s. barədə ətraflı məlumat verib. Cənab Kərimov qeyd edib ki, AmCham Azərbaycanın bu təşəbbüsü olduqca təqdirəlayiq haldır və Nazirlik Palata ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

Görüşdə həmçinin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin Sədri Mustafa Abbasbəyli, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Nazirliyin digər rəhbər işçiləri mövzu ilə bağlı çıxış ediblər. Görüş zamanı Palatanın nümayəndələri tərəfindən bəzi sual və təkliflər də səsləndirilib. Sonda tərəflər şəhid ailələrinə və müharibə iştirakçılarının sosial dəstək, o cümlədən onların məşğulluğunun təminatı istiqamətində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 260-dan çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti