...

Azərbaycanda şəkər çuğundurunun güzəştli sığortasına başlandı

İqtisadiyyat Materials 12 Yanvar 2021 15:47 (UTC +04:00)
Azərbaycanda şəkər çuğundurunun güzəştli sığortasına başlandı

Bakı. Samir Əli - Trend:

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə şəkər çuğunduru sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə şəkər çuğunduru sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Hazırda şəkər çuğunduru Azərbaycanın əksər rayonlarında, xüsusilə Tovuz, Şəmkir, Hacıqabul, Beyləqan, İmişli, Füzuli, Biləsuvar və digər bölgələrdə əlilir. Şəkər çuğunduru sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün şəkər çuğundurunun 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, çuğundurun bir hektar üçün məhsuldarlıq norması 8-930 sentner arasında, qiymət isə 30-60 manat/sentner arasında müəyyən edilib.

Şəkər çuğunduru sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:

Misal: Beyləqanda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 200 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda sığorta məbləği = 4 x 200 x 30 = 6000 manat müəyyən edilir.

Qaydalara görə, aqrar sığorta çərçivəsində şəkər çuğundurunun sığortalanması üçün 2 sığorta zərfi təklif edilir.

Bunlardan birincisi - əksər riskləri əhatə edən “baza zərfi”, digəri isə əlavə riskləri əhatə edən zərfdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə fərqlənirlər.

Birinci, “baza zərfi”ndə azadolma məbləği 10%-dir. Bu zərf şəkər çuğundurunu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.

1-ci sığorta zərfinə dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat riskləri aiddir. İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf şəkər çuğundurunu bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

2-ci sığorta zərfinə aid risklərə bitki xəstəlikləri və zərərvericilər, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat daxildir.

Bu sığorta zərflərinin seçilməsi fermer və ya çuğundur sahəsinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz.

Şəkər çuğundurunun sığortalanması üçün tariflər və sığorta haqları

Şəkər çuğundurunun sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, bölgələrdən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Şəkər çuğundurunun sığortası üzrə ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır.

Ayrı-ayrı bölgələrdə şəkər çuğunduru sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:

Məsələn, Beyləqanda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 200 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda sığorta haqqı = 24 000 manat X 2,10% = 504 manat təşkil edir.

Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir. Nəticədə ümumi dəyəri 24 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 252 manat və ya hər hektara cəmi 63 manat ödəyir.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.

Məlumatda qeyd olunur ki, şəkər çuğunduru sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.

Fondundan bildiriblər ki, şəkər çuğunduru sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb. Fermerlər və iş adamları şəkər çuğunduru sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu martın 5-dək davam edəcək.

Martın 5-dək edilən müraciətlərdə şəkər çuğunduru sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Martın 5-dən aprelin 5-dək olan dövrdə edilən müraciətlər zamanı isə şəkər çuğunduru sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti