Bakı. Samir Əli - Trend:
Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində olan çaylara və su hövzələrinə 6 milyon 300 min ədəd körpə balıq buraxacaq.
Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Artıq bu işlərə start verilib. Bunlardan 1 milyon 500 mini çəki balığı, 2 milyon 300 mini kütüm balığı, 1 milyonu ağ amur, 1 milyonu isə enli alın balığı olacaq. Bununla yanaşı, həmçinin Xıllı Balıqartırma Zavodu tərəfindən 550 min ədəd nərə balığının çaylara buraxılması nəzərdə tutulur. Artıq ilk olaraq Bəsitçay, Həkəri və Bərgüşad çaylarına balıq buraxılıb".