...

İqtisadi siyasətin ən mühüm uğurlarından biri sənaye sektorunun inkişafıdır - Deputat

İqtisadiyyat Materials 7 Sentyabr 2021 17:10 (UTC +04:00)
İqtisadi siyasətin ən mühüm uğurlarından biri sənaye sektorunun inkişafıdır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda yürüdülən çevik iqtisadi siyasətin ən mühüm uğurlarından biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin inkişafıdır. Pandemiyanın hələ də davam etdiyi bir dövrdə ölkəmizin sənaye sektoru özünün dayanıqlı inkişaf tempini qoruyub saxlayıb, 2021-ci ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalıb, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,4 faiz artıb: “Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı ötən il pandemiyanın ağır təsirlərindən sonra 2021-ci ilin ilk aylarından etibarən iqtisadiyyatda bərpa proseslərini təmin edib, post-pandemiya dövrünə keçid və hökumətin qəbul etdiyi düzgün iqtisadi qərarlar müsbət iqtisadi dinamikanının əldə olunmasına səbəb olub. 2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47,2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artım deməkdir. Qeyri-neft sektorunda isə artım 5,3 faiz təşkil edib. Yəni, artıq iqtisadiyyatımız yenidən inkişaf mərhələsinə daxil olub”.

Millət vəkili qeyd edib ki, iqtisadi inkişafımızın təmin olunmasında qeyri-neft sənayesinin rolu xüsusilə artmaqdadır: “Hazırda sənayeləşmə siyasəti yeni mərhələyə keçid almaqdadır və postindistriual cəmiyyət quruculuğu müasir innovasiyaların tətbiqində geniş yer alır. Ölkədə ümumi daxili məhsulun 50 faizi, o cümlədən qeyri-neft iqtisadiyyatının 30 faizə yaxını sənaye sahələrində istehsal olunur. Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi sənaye texnoparklarının, sənaye zonalarının və sənaye məhəllərinin sayının artmasına səbəb olubdur. Sənaye parklarında rezident statuslu müəssisələrin sayı artaraq 50-yə çatıb. Qeyri-neft sənayesinin əsas istiqamətlərindən biri olan maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılıb”.

A.Hüseynov sənayeləşmədə Sumqayıtın xüsusi strateji rolunun olmasına diqqət çəkərək bildirib ki, son illərdə xarici investisiyaların cəlb edilməsi Sumqayıtda iri layihələrin həyata keçirilməsinə və müasir sənaye sektorunun əsas ağırlıq mərkəzinə çevrilməsinə səbəb olub: “Sumqayıt dünya səviyyəli, rəqabətədavamlı məhsul istehsal edən, ən qabaqcıl texnologiyaları tətbiq edən sənaye texnoparkları ilə məşhurdur. Azərbaycanın ilk sənaye parkı da məhz bu şəhərdə yaradılıb və dünya bazarlarına ən keyfiyyətli məhsulların ixracı sənayeləşmənin daha da inkişafına geniş şərait yaradıb. Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir.

Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib”.

Millət vəkili vurğulayıb ki, hazırda sənayenin əsas güc mərkəzlərindən biri olan Ələt İqtisadi Zonası da sənayeləşmə siyasətinin daha da güclənməsində, rəqabətə davamlı qeyri-neft sənayesi məhsullarının ixracının artmasında, sərmayələrin axınında töhfəverici rol oyanayacaq.

Twitter: @ElchinMehdiyev

Xəbər lenti

Xəbər lenti