Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Milli Məclisin iclasında “Lotereyalar haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, qanun layihəsi dövlət başçısının sərəncama uyğun olaraq hazırlanıb və aşağıdakıları nəzərdə tutur:
- lotereyaların təşkili və keçirilməsi sahəsində tənzimləyici orqanın müəyyən olunması və onun fəaliyyət dairəsinin təkmilləşdirilməsi, o cümlədən tiraj komissiyasının üzv ola biləcək şəxslərin siyahısınım və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədlərin səlahiyyətli orqanla razılaşdırılması prosedurunun müəyyən olunması;
- lotereyanın uduş fondunun yuxarı həddinin (80 faizdən çox ola bilməməsi tələbinin) aradan qaldırılması və bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsinin növbəti tirajda oynanılmasının nəzərdə tutulması;
- lotereya şərtlərinin təkmilləşdirilməsi, lotereyanın təşkili və keçirilməsi, habelə onun şərtlərində dəyişiklik edilməsi ilə bağlı müddətlərə yenidən baxılması (müddətlərin optimallaşdırılması);
- lotereya biletində nəzərdə tutulmalı bir sıra məlumatların lotereya təşkilatçısının internet səhifəsində əks olunması;
- virtual lotereyanın təşkili və keçirilməsinin hüquqi əsaslarının yaradılması;
- lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi əsasları və qaydasının təkmilləşdirilməsi.
Müzakirələrdən sonra dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.