...

"Teknofest"in Azərbaycanda keçirilməsi gənclərimizin texnologiyaya marağını artıracaq - Nazir

İqtisadiyyat Materials 7 Fevral 2022 10:22 (UTC +04:00)
"Teknofest"in Azərbaycanda keçirilməsi gənclərimizin texnologiyaya marağını artıracaq - Nazir

Bakı. Humay Ağacanova - Trend:

"Teknofest" dünya texnoloji xəritəsində öz sözünü deyir. Tədbirin ilk dəfə Türkiyə hüdudlarından kənarda Azərbaycanda keçirilməsi Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının bariz nümunəsidir.

Trend-in məlumatına görə, bunu "Teknofest" Aerokosmik və Texnologiya festivalına həsr olunan mətbuat konfransı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O qeyd edib ki, "Teknofest" sayəsində gənclərin texnologiyaya marağı artır və bacarıqları ortaya çıxır.

"44 günlük müharibənin əsas simalarından birinə çevrilən "Bayraktar" gənclərin elmə, texnologiyaya olan kütləvi axınının göstəricisidir. "Teknofest"in Azərbaycanda keçirilməsi gənclərimizin texnologiyaya olan marağına, sevgisinə öz töhfəsini verəcək", - deyə nazir əlavə edib.

Xatırladaq ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli,Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti