Bakı. Trend:
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür.
Belə tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH (DAkkS) tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib.
Qeyd edək ki, Milli Referens Laboratoriyasında qida təhlükəsizliyinə dair bütün parametrlər üzrə müayinələr həyata keçirilir.
Xatırladaq ki, 2020-2021-ci illər ərzində Milli Referens Laboratoriyası 80-dən çox göstərici üzrə İngiltərə, Fransa, Amerika, Polşa kimi ölkələrin beynəlxalq səriştəlilik sınaqlarında iştirak edərək uğur qazanıb.