...

Asiya-Avropa arasında daşınan gübrə məhsulların daha böyük hissəsi Bakı Limanından keçəcəcək

İqtisadiyyat Materials 15 İyul 2022 16:08 (UTC +04:00)

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Türkiyənin ən böyük holdinqlərindən olan “Albayrak” şirkətlər qrupu arasında əldə edilən razılığa əsasən tərəflər Bakı Limanı ərazisində Gübrə terminalının inşası və idarəedilməsi sahəsində də sıx əməkdaşlıq edəcəklər.

Trend xəbər verir ki, son illər Bakı Limanı vasitəsi ilə Mərkəzi Asiyadan Avropaya daşınan gübrə məhsullarının həcmində sürətli artım qeydə alınır. Təkcə ötən il bu rəqəm 66%-lik artımla 1,1 milyon tona yaxın olsa da mövcud potensial əldə edilən nəticədən qat-qat çoxdur.

Bunun üçün də ötən ildən başlayaraq Bakı Limanı ərazisində illik yükaşırma gücü 2,5 milyon ton olan yeni Gübrə terminalının və tutumu 60 000 ton olan gübrə anbarlarının tikintisi həyata keçirilir. Bakı Limanın strategiyasına uyğun olaraq dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi çərçivəsində Albayrak şirkətlər qrupu ilə imzalanan müqaviləyə əsasən sözügedən holdinq, növbəti ilin ilk yarısında istifadəyə verilməsi nəzərdə tutulan bu terminalın idarə edilməsində də iştirak edəcək.

Dünyanın müxtəlif ölkələrində liman idarəetməsi təcrübəsi olan “Albayrak” şirkətlər qrupu bu terminalın işinin ən müasir standartlar səviyyəsində qurulmasını, operativ logistika həllərin tətbiqini və peşəkar ekspertlərin bu prosesə cəlb edilməsini təmin edəcək.

Əldə edilən bu razılaşma ilə gübrə məhsullarının daha böyük həcminin Bakı Limanı vasitəsilə, Azərbaycandan tranzit keçidinin təmin edilməsi hədəflənir ki, bunun sayəsində də ölkə iqtisadiyyatına əlavə dəyər qatılacaq. Yeni terminalın tam gücü ilə işləməsinin təmin edilməsi ilə daha çox iş yerlərinin yaradılması mümkün olacaq. Bundan başqa hazırda Bakı Limanında gübrə məhsullarının aşırılması “Ümumi yük terminalı”-nda icra edilir ki, yeni “Gübrə terminalı”-nın işə düşməsi ilə bu məhsulların aşırılmasında artıma nail olunmaqla yanaşı Limanın ümumi yük həcmində də artımın olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti